Aprelin 12-də Milli Məclisin regional məsələlər daimi komissiyasının iclası keçirilib. Trend xəbər verir ki, iclasda Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklərin edilməsi, Yevlax, Tərtər, Beyləqan və Ağcabədi rayonlarının inzibatiı sərhədlərinə qismən dəyişikliklərin edilməsi məsələsi müzakirə olunub və cari məsələlərə baxılıb.
Komissiyanın sədri Arif Rəhimzadə gündəlikdə duran məsələlərlə bağlı məlumat verdikdən sonra komissiyanın əməkdaşı Museyib Qurbanov bələdiyyə torpaqlarının ayrılması və razılaşdırması ilə bağlı əsasnamə və bələdiyyələrin nümunəvi nizamnaməsinə dəyişikliklərin edilməsi barədə komissiya üzvlərinə məruzə edib.
Yevlax, Tərtər, Beyləqan və Ağcabədi rayonlarının inzibatiı sərhədlərinə qismən dəyişikliklərin edilməsi məsələsi də komissiya üzvləri arasında geniş müzakirə mövzusu olub. Qeyd edilib ki, sənəddə Yevlax və Tərtər rayonlarında 112 hektar torpaq sahəsi, Ağcabədi və Beyləqan rayonlarında isə 500 hektar torpaq sahəsi bir-biri ilə əvəzlənsin. A.Rəhimzadə dəyişdiriləcək torpaq sahələrində hərbi hissələrin olduğunu nəzərə alaraq və bir sıra məqamlara aydınlıq gətirilməsi üçün məsələyə yenidən baxılması təklifini verib.