...

İsa Qəmbər: "İndiki mərhələdə parlamentdə təmsilçilikdən imtina etmək barədə düşünmürük"

Siyasət Materials 19 May 2006 11:43 (UTC +04:00)

"İndiki mərhələdə parlamentdə təmsilçilikdən imtina etmək barədə düşünmürük. Bu məsələnin müzakirəyə çıxarılmasına da ehtiyac duymuram". Bu fikirləri Trend ə açıqlamasında Müsavat Partiyasının başqanı İsa Qəmbər bildirib.

Qeyd edək ki, "Azadlıq" blokunun bəzi həmtəsisçiləri Müsavat Partiyasının parlamentdə təmsil olunmaqdan imtina edəcəyi təqdirdə onunla əməkdaşlığın mümkün olacağını bildiriblər. İsa Qəmbər isə Müsavatın əvvəlki mövqeyində qaldığını və təkrar seçkilərdə iştirak etmək, parlamentdə təmsil olunmaqla bağlı seçiminin düzgün olduğunu deyib: "Mən öncədən də demişdim ki, əməkdaşlığı pozmaq lazım deyil. Parlamentdə iştirak məsələsinə münasibət fərqli olsa da, əməkdaşlığı qorumaq lazımdır. Lakin o zaman mənim bu təklifimi qəbul etmədilər. İndi də gec deyil. Əgər onlar razılaşsalar ki, hakimiyyətə qarşı mübarizədə bütün resurslardan istifadə olunmalıdır və bu imkanlardan biri də parlamentdir, o zaman yenidən bu əməkdaşlıq mümkün ola bilər. Çünki Milli Məclisdəki müsavatçı deputat qrupunun təkcə Müsavat Partiyası ilə deyil, bizimlə bu mövqeni bölüşən digər siyasi partiyalarla da əlaqəli şəkildə çalışmasını, mübarizəsini təşkil etmək mümkündür".

İsa Qəmbərin sözlərinə görə, təkrar seçkilərin nəticəsindən asılı olmayaraq "Azadlıq" blokunda təmsil olunanlar istənilən halda Müsavat Partiyasını ittiham edəcəkdilər. Müsavat başqanı keçmiş müttəfiqləri ilə yenidən əməkdaşlığın mümkün olub-olmamasına münasibət bildirərkən hələlik tələsməyə ehtiyac görmədiyini deyib: "Gərək bəzi qüvvələrin əsəbləri, qəzəbləri soyusun və hadisələrə daha soyuqqanlı yanaşsınlar. Ondan sonra əməkdaşlıq məsələlərini bir daha müzakirə etmək olar".

Xəbər lenti

Xəbər lenti