İndiyədək Azərbaycanda neft-qaz layihələrinin gerçəkləşməsinə xarici şirkətlər $20 mlrd dollardan çox sərmayə qoyub. Trend in xəbər verdiyi kimi, bu barədə iyunun 6-da "Xəzər neft və qaz-2006" sərgisinin açılışında Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
Onun sözlərinə görə, bu həcmdə sərmayənin cəlb olunması Azərbaycana inama və sabitliyə şərait yaradır. "Hazırda ölkədə Bakı-Tiflis-Ceyhan boru kəmərinin inşası kimi ən iri layihə başa çatıb. Ancaq bu Azərbaycanın neft-qaz sektorunun yalnız növbəti inkişaf mərhələsidir", - deyə prezident bildirib.
İlham Əliyev qeyd edib ki, ekspertlərin qiymətləndirmələrinə görə, neftin bir barelinin qiyməti $50 olduqda Azərbaycan 20 il ərzində neft-qaz layihələrinin gerçəkləşdirilməsindən $140 mlrd. gəlir əldə edəcək.
"Yəqin ki, yaxın gələcəkdə "Şah-dəniz" qaz-kondensat yatağının işlənməsi layihəsinə dəyişikliklər ediləcək. Bu, təkcə Azərbaycanda deyil, həm də bütün dünyada qaza tələbatın xeyli artması ilə izah olunur", - deyə ölkə başçısı bildirib.