...

Əli Əhmədov: Azərbaycanın hakim partiyası təkrar bələdiyyə seçkilərində fəal iştirak edəcək

Siyasət Materials 13 İyun 2006 17:57 (UTC +04:00)
Əli Əhmədov: Azərbaycanın hakim partiyası təkrar bələdiyyə seçkilərində fəal iştirak edəcək

Hakim Yeni Azərbaycan Partiyası (YAP) 2006-cı il oktyabrın 6-na təyin olunmuş təkrar bələdiyyə seçkilərində fəal iştirak edəcək. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, partiyanın icraçı katibi Əli Əhmədov jurnalistlərlə söhbətində bildirib.

O xatırladıb ki, YAP 2004-cü ilin dekabrında bələdiyyə seçkilərində fəal iştirak etmişdi. "Yaxın vaxtlarda seçki konsepsiyası müəyyənləşdiriləcək ki, bu da YAP-ın seçki kampaniyalarında növbəti uğurunun rəhni olacaq" - deyə Ə.Əhmədov vurğulayıb.

"Azadlıq" blokunun təkrar bələdiyyə seçkilərində yalnız Seçki Məcəlləsinin dəyişdirilməsindən sonra iştirak edəcəyi haqqında bəyanatlarına gəldikdə Ə.Əhmədov qeyd edib ki, ölkənin siyasi həyatında, xüsusilə, seçkilərdə iştirak etməyən partiyanın fəaliyyətinə ehtiyac yoxdur.

O belə bir sual edib: "Seçkilərdə iştirak etməyən partiyalar nə ilə məşğul olacaq?". Ə.Əhmədovun fikrincə, seçkilərdə iştirakla bağlı qabaqcadan şərt qoymaq mənasızdır.

"Hazırkı Seçki Məcəlləsi həm Milli Məclisə keçirilən 2005-ci il noyabr seçkilərində, həm də 2006-cı il 13 may təkrar parlament seçkilərində özünü yaxşı təsdiqləyib. Məcəlləni yalnız dəyişikliklər xatirinə dəyişmək düzgün deyil" - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti