...

VHP-də müşavirə keçirilib

Siyasət Materials 19 İyun 2006 13:25 (UTC +04:00)

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) mərkəzi qərargahında partiyanın Bakı, Sumqayıt, Abşeron və işğal olunmuş rayon və şəhər təşkilatlarının Əlaqələndirmə Şurasının növbəti toplantısı keçirilib. Trend xəbər verir ki, toplantıda təşkilati məsələlər, ölkədəki ictimai-siyasi vəziyyət müzakirə edilib.

Yığıncaq iştirakçıları oktyabr ayında keçiriləcək təkrar bələdiyyə seçkilərini də müzakirə ediblər. Qərara alınıb ki, partiyanın Siyasi Şurasının təkrar seçkilərə qatılıb-qatılmamaq barəsində çıxaracağı qərardan sonra bu məsələ barədə fikir mübadiləsi aparılsın.

Müşavirə iştirakçıları VHP-nin idealogiya katibi, millət vəkili Fəzail İbrahimlinin AŞPA-dakı nymayəndə heyətinin tərkibirə seçilməsini yüksək qiymətləndiriblər. VHP-nin AŞPA-dakı digər təmsilçisi Rəfael Hüseyovun da fəaliyyəti müzakirə edilib və onun fəaliyyəti yüksək dəyərləndirilib.

Toplantı iştirakçıları son günlər ermənilərin işğal olunmuş ərazilərdə törətdikləri vandalizm aktlarının, millət vəkilləri Sabir Rüstəmxanlı, İqbal Ağazadə və Qənirə Paşayevanın cəbhə bölgəsinə səfərlərini müzakirə ediblər.

VHP Ağdam rayon təşkilatının sədri Həsən Xəlilov və Şuşa rayon təşkilatının sədri Ofelya Rəşidqızı, partiyanın Cəbrayıl, Qubadlı, Zəngilan və Kəlbəcər rayon təşkilatlarının nümayəndələri son günlər erməni təcavüzkarlarının işğal etdikləri Azərbaycan ərazilərində təbiətə qarşı törətdikləri yandırma faktlarından danışıblar.

Toplantı iştirakçıları sonda Birləşmiş Millətlər Təşkilatına müraciət ünvanlayıblar. Müraciətdə BMT-nin Ermənistanın işğalçı hərəkətləri ilə bağlı qəbul etdiyi 4 qətnaməsinin yerinə yetirilməsi üçün Ermənistana təzyiq göstərilməsi tələb olunur.

Xəbər lenti

Xəbər lenti