...

Məzahir Əliyev: Azərbaycanın 20% ərazisinin Ermənistan tərəfindən işğal olunması regionun narkovəziyyətinə mənfi təsir göstərir

Siyasət Materials 28 İyun 2006 14:56 (UTC +04:00)

Azərbaycanın 20% ərazisinin Ermənistan tərəfindən işğal olunması bütün regionun narkovəziyyətinə mənfi təsir göstərir. Narkotik nəqlinin ən populyar marşrutlarından biri Əfqanıstan - İran- Azərbaycanın işğal olunmuş əraziləri- Dağlıq Qarabağ - Ermənistan - Gürcüstan - Avropa, həmçinin Əfqanıstan - İran- Azərbaycan- Rusiya marşrutudur. Trend in xüsusi müxbirinin verdiyi xəbərə görə, bu, Azərbaycan DİN-in narkotiklərlə mübarizə üzrə Baş İdarəsinin rəis müavini, polis polkovniki Məzahir Əliyevin Moskvada keçirilən "Narkotiklərin Əfqanıstandan gətirilmə yolları haqqında" beynəlxalq konfransdakı məruzəsində əsas tezislərdən idi.

Məruzədə qeyd olunur ki, "Azərbaycanın geostrateji vəziyyəti Azərbaycan ərazisindən narkotiklərin Avropa ölkələrinə tranziti və nəqli üçün istifadə etməyə çalışanlar üçün çox cəlbedici görünür". M.Əliyevin sözlərinə görə, Azərbaycan dəfələrlə Azərbaycanın işğal olunmuş ərazilərində beynəlxalq qurumlar tərəfindən birgə monitorinqin təşkili barədə məsələ qaldırıb və qaldırır, lakin heç kim bu işə təşəbbüs göstərmir. "Məsələn, Dağlıq Qarabağda narkotiklərin yetişdirilməsi üçün əla hava şəraiti var. Ermənistan bu barədə susur və biz, sadəcə olaraq, Ermənistanın bundan xeyir götürdüyünü düşünə bilərik", - deyə o qeyd edib.

M.Əliyev bildirib ki, Ermənistanın Dağlıq Qarabağı və onunla yanaşı 7 rayonu işğal etməsi nəticəsində ölkəmiz İranla 123 km-lik sərhəd üzərində nəzarəti itirib. O, Azərbaycan və İranın qarşılıqlı əlaqəsini yüksək qiymətləndirdiyini bildirib. İran, onun sözlərinə görə, narkomaniya ilə mübarizədə böyük təcrübəyə malik olduğuna görə BMT tərəfindən yüksək qiymətləndirilib. Lakin hələlik İranla sərhəddə problemlər var, bu problemləri birlikdə və maliyyə vəsaitləri hesabına həll etmək lazımdır.

BMT, ATƏT, AB, NATO, İnterpol və bir sıra başqa ğeynəlxalq təşkilatların ekspertlərinin konfransdakı məruzələrinə gəlincə isə, M.Əliyev deyib ki, "bizim beynəlxalq qurumların aşkara çıxardığı faktlara qarşı heç bir etirazımız yoxdur. Əksinə, bu, Azərbaycan üçün sərfəlidir".

2001-2005-ci illər ərzində Azərbaycanın daxili işlər orqanları tərəfindən qanunsuz narkotik dövriyyəsi ilə bağlı 10709 fakt aşkarlanıb. Qanunsuz dövriyyədən 822 kq müxtəlif narkotik maddələr əldə olunub. Bunlardan 554 kq marixuana, 119 kq - opium, 35 kq - heroin və başqalarıdır.

Xəbər lenti

Xəbər lenti