...

Azərbaycan ekspertləri hesab edir ki, ermənilər başqa xalqların tarixinə yiyələnməyə cəhd göstərməklə özlərini bu siyasətə qurban verirlər

Siyasət Materials 7 İyul 2006 17:19 (UTC +04:00)
Azərbaycan ekspertləri hesab edir ki, ermənilər başqa xalqların tarixinə yiyələnməyə cəhd göstərməklə özlərini bu siyasətə qurban verirlər

Ermənilər üçün müqəddəs heç nə yoxdur. Bu barədə Trend ə hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Milli Məclisin təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədr müavini, politoloq Aydın Mirzəzadə Moskvada "Rolan" kinoteatrında "Mitk" erməni gənclər birliyi tərəfindən hazırlanan "Kamni predkov" adlı filmə münasibət bildirərkən qeyd edib.

Xatırladaq ki, bu filmin rejissoru 2 il Gürcüstanda yaşamış, avstriyalı erməni Yeqişe Qevorkyandır. İngiliscə titrləri olan erməni dilində çəkilmiş filmdə deyilir ki, Gürcüstanda erməni kilsələri və erməni xristianlıq mədəniyyətinin digər abidələri məqsədyönlü və planlı şəkildə məhv edilir.

A.Mirzəzadə qeyd edib ki, ermənilər məskunlaşdığı yerləri özününküləşdirməyə cəhd edirlər: "Qonşu Gürcüstanda ermənilərə qarşı münasibət çox yaxşıdır. Hətta Cavaxetiya bölgəsində yazılar belə erməni dilində aparılır, bəzi yerlərdə erməni bayraqları asılır. Ancaq bununla belə ermənilər gürcülərə qarşı da aqressiv münasibət bəsləyirlər. Bu da o deməkdir ki, erməni hiyləsinə qarşı həmişə mübarizə aparmaq lazımdır".

Millət vəkili onu da vurğulayıb ki, bu proses Gürcüstanda zəif aparıldığından zəncir ən zəif həlqədə qırılmağa başlayır: "Bu artıq gürcülərin problemidir ki, bu məsələyə münasibət bildirsinlər. Azərbaycan dəfələrlə bunu öz üzərində hiss etdiyinə görə həmişə ermənilərin iç üzünü açmağa və özünün obyektiv tarixini müdafiə etməyə çalışıb. AŞPA-nın yay sessiyasında tərəfimizdən ermənilərin işğalçı siyasətinin ifşası zamanı onlar müdafiə mövqeyinə çəkilmişdi".

Millət vəkili Anar Məmmədxanlı isə bildirib ki, ermənilər başqa xalqların tarixinə yiyələnməyə cəhd göstərərək özlərini bu siyasətə qurban verirlər. Ermənilər Rusiyanın forpostu kimi həmişə bu dövlətin siyasətini Cənubi Qafqazda həyata keçirirlər: "Ermənilər Qafqaza gəlmədirlər. Onların Qafqazı özününküləşdirmək siyasəti 300 ildir ki, davam edir. Ermənilərin Gürcüstan ərazisində olan gürcü abidələrini öz tarixlərinə yazması bizim üçün gözlənilməz deyil. Ermənilər həmişə başqa xalqların torpaqlarına, tarixi mənbələrinə, mədəniyyətinə sahib çıxmağa cəhd göstərirlər. Lakin bu siyasətin qurbanına çevrilirlər".

Millət vəkili onu da vurğulayıb ki, Rusiya siyasi məqsədlərinə çatmaqdan ötrü ermənilərdən alət kimi istifadə edir, ermənilər rusların girovuna çevrilib: "Ermənilər anlamır ki, indi sahib çıxmaq istədikləri Gürcüstanın Cavaxetiya bölgəsi və yaxud da işğal altında saxladıqları Azərbaycan əraziləri onların olmayacaq. Anlayırlar, lakin özlərini hansısa siyasi oyunlara qurban verirlər". A.Məmmədxanlı onu da qeyd edib ki, ermənilər öz niyyətlərinə çatmaqdan ötrü daim böhtan və şantajlara əl atırlar: "Gürcüstanda guya onlara məxsus tarixi abidələrin məhv edilməsi ilə bağlı deyilənlər də onların növbəti təxribatlarındandır".

Məsələyə münasibət bildirən politoloq Rasim Musabəyov isə qeyd edib ki, Ermənistan Rusiyaya qarşı münasibətlərində fayda əldə etmək məqsədilə bu filmi lentə alıb: "Bunu politoloji hadisə kimi qiymətləndirməyə dəyməz, çünki bu, ermənilərin birinci belə addımı deyil".

Xəbər lenti

Xəbər lenti