...

Gürcüstan prezidenti: BTC neft kəməri bölgənin bütün dövlətləri üçün mühüm əhəmiyyət kəsb edir

Siyasət Materials 13 İyul 2006 17:14 (UTC +04:00)
Gürcüstan prezidenti: BTC neft kəməri bölgənin bütün dövlətləri üçün mühüm əhəmiyyət kəsb edir

Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri bölgənin bütün dövlətləri üçün mühüm əhəmiyyət kəsb edir. Trend in Türkiyədəki xüsusi müxbirinin verdiyi xəbərə görə, bu barədə iyulun 13-də BTC neft kəmərinin açılış mərasimində Gürcüstan prezidenti Mixail Saakaşvili bildirib.

"Bu layihə həm ayrı-ayrı dövlətlər arasındakı əlaqəni inkişaf etdirməyə, həm də böyük beynəlxalq şirkətlərin diqqətini bu bölgəyə cəlb etməyə imkan verir", - deyə Saakaşvili qeyd edib və bildirib ki, bu neft kəməri nəinki bölgə əhalisinin həyat səviyyəsini kökündən yaxşılaşdıracaq, həmçinin standartları, xüsusilə də ətraf mühit sahəsindəki standartları dəyişəcək.

Prezident BTC layihəsinin davam etmə amilinin əhəmiyyətini də qeyd edib və Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin bu layihədəki rolunu qeyd edib. Gürcüstan prezidenti bir sıra birgə layihələrin reallaşması, xüsusilə də Batumidəki aeroportun yenidən qurulmasını xatırladaraq, "Gürcüstan Qərbin, eyni zamanda Türkiyənin əsas tərəfdaşıdır", - deyə qeyd edib.

Bununla yanaşı, M.Saakaşvili Azərbaycanın iqtisadi inkişafının yüksək səviyyəsindən razı qaldığını bildirib. "Gürcüstan kimi, Azərbaycan da SSRİ-nin dağılmasından sonra müəyyən problemlərlə qarşılaşıb, lakin onlar artıq geridədir. Biz Bakı-Tbilisi-Axalkalaki-Qars layihəsinin reallaşmasını Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında yeni addım hesab edirik", - deyə M.Saakaşvili qeyd edib.

"Bu layihə Axalkalaki bölgəsinin iqtisadi inkişafına təkan verəcək və Gürcüstan iqtisadiyyatına yeni sərmayələr cəlb edəcək", - deyə Gürcüstan prezidenti vurğulayıb.

Xəbər lenti

Xəbər lenti