Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Sumqayıt şəhər şöbəsi Vətəndaş Həmrəyliyi Partiyasına (VHP) keçmək barədə qərar qəbul edib. Bu barədə Trend ə VHP-dən məlumat verilib.
Bildirilib ki, bir müddət əvvəl AXCP-nin Sumqayıt şəhər şöbəsinin üzvləri partiya sıralarından kollektiv surətdə istefa verərək öz müstəqilliklərini elan ediblər. Bundan sonra isə AXCP-nin Sumqayıt şəhər şöbəsinin müstəqilliyini elan edən bu yerli təşkilat öz fəaliyyətini Vətəndaş Həmrəyliyi Partiyasının sıralarında davam etmək barədə qərar çıxarıb və bu məqsədlə VHP-yə rəsmi müraciət edib.
Müstəqilliyini elan edən AXCP-nin Sumqayıt şəhər şöbəsinin və VHP-nin Sumqayıt şəhər təşkilatının Məclis üzvlərinin birgə yığıncağı keçirilib. Yığıncaqda AXCP Sumqayıt şəhər şöbəsinin VHP-yə birləşməsi ilə əlaqədar birləşdirici konfransın keçirilməsi qərara alınıb. Konfransa hazırlıq məqsədilə 11 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb. Birləşdirici Konfransın 2006-cı ilin sentyabr ayında keçirilməsi nəzərdə tutulub.