...

Ukrayna Azərbaycanlıları Konqresinin Xarkov regional təşkilatının yeni ofisinin açılış mərasimi olacaq

Siyasət Materials 11 Avqust 2006 16:52 (UTC +04:00)
Ukrayna Azərbaycanlıları Konqresinin Xarkov regional təşkilatının yeni ofisinin açılış mərasimi olacaq

Ukrayna Azərbaycanlıları Konqresinin Xarkov regional təşkilatının yeni ofisinin açılış mərasimi keçiriləcək. Bu barədə Trend Agentliyinə Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) sədri Oqtay Əfəndiyev məlumat verib.

O bildirib ki, Ukraynanın Xarkov vilayətində fəaliyyət göstərən 7 Azərbaycan təşkilatı yığışaraq bu il iyulun 25-də özləri üçün yeni bina alıblar. UAK-ın regional təşkilatı Xarkov şəhərinin mərkəzi hissəsində olan həmin yeni ofisdə fəaliyyət göstərəcək. Sentyabrın 20-də yeni ofisin açılış mərasimi keçiriləcək. Oqtay Əfəndiyevin sözlərinə görə, açılış mərasimində Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin, Azərbaycanın Ukraynadakı səfirliyinin nümayəndələri, UAK-ın rəhbərliyi, Xarkovdakı diasporumuzun fəal üzvləri iştirak edəcəklər.

Oqtay Əfəndiyevin sözlərinə görə, Xarkov regional təşkilatı üçün alınan yeni bina hər cür şəraitiə malikdir: "Burada təşkilatın səmərəli fəaliyyət göstərməsi, Azərbaycanın milli adət-ənənələrini qoruyub saxlamaq, azərbaycanlıları bura cəlb etmək və müxtəlif tipli tədbirlər keçirmək üçün yaxşı şərait var. Hesab edirəm ki, yeni binanın açılış mərasimi yüksək səviyyədə keçəcək və Ukrayna Azərbaycanlıları Konqresinin Xarkov bölməsinin fəaliyyəti bundan sonra daha da güclənəcək, işimizin keyfiyyəti artacaq"-deyə O.Əfəndiyev vurğulayıb.

O həmçinin qeyd edib ki, UAK-ın tarixində ilk dəfə olaraq Xarkov regional təşkilatı özünün yeni rəhbərini seçib. O.Əfəndiyevin sözlərinə görə, bu, regional qurumun fəaliyyətinə müsbət təsir göstərib: "Xarkov regional təşkilatının üzvləri yığışıb öz toplantılarını keçirib, Fəxrəddin İsmayılovu sədr seçiblər. Yeni heyətin və sədrin fəaliyyətə başlamasından sonra regional təşkilatın fəaliyyətində müsbət dəyişikliklər, aktivlik var. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanda bəzi KİV-lərdə Ukrayna Azərbaycanlıları Konqresinin guya dağılması, daxilində parçalanma yaranması barədə yayılmış məlumatlar həqiqətə uyğun deyil".

UAK-ın rəhbəri onu da deyib ki, Xarkovdakı həmin diaspor təşkilatları yığışaraq öz vəsaitləri hesabına bu şəhərdə məscid tikdirirlər. Məscidin tikilməsində UAK-ın Baş İdarəsi də öz dəstəyini və köməkliyini göstərir. O.Əfəndiyevin sözlərinə görə, məscidin tikilməsi yaxın 1-2 ay ərzində başa çatdırılacaq və Xarkovda yaşayan azərbaycanlıların istifadəsinə veriləcək: "Bu da azərbaycanlıların öz milli ənənələrinə, dini etiqadlarına sadiq qalması üçün göstərilən təşəbbüsdür. Müsəlmanlar gəlib bu məsciddə ibarət edə bilərlər".

Xəbər lenti

Xəbər lenti