...

İsrail səfiri: Azərbaycan neftinin ilk partiyasının Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə İsrailə tədarükü mühüm hadisədir

Siyasət Materials 25 Avqust 2006 18:22 (UTC +04:00)
İsrail səfiri: Azərbaycan neftinin ilk partiyasının Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə İsrailə tədarükü mühüm hadisədir

Trend in İsrailin Azərbaycandakı səfiri Artur Lenklə eksklüziv müsahibəsi

- Avqustun 25-də İsrail Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql edilən Azərbaycan neftinin ilk partiyasını aldı.

- Bakı-Tbilisi-Ceyhan neft kəməri Azərbaycan və İsrail arasındakı əməkdaşlığı genişləndirir. Və ilk tankerin tədarükü, həqiqətən də, mühüm hadisədir. Mən hesab edirəm ki, bu neftin Aralıq dənizinə ixracı vacib məsələdir, çünki orada çox ölkələr və yeni müştərilər var. Həmin enerji xammalına olan tələbat ildən-ilə artır.

Ölkələrimiz arasında tərəfdaşlıq münasibətləri mövcuddur və biz ümid edirik ki, bu münasibətlər getdikcə dərinləşəcək. Əgər xəritəyə baxsaq, görərik ki, bu neft Azərbaycandan Ceyhana qədər daşınır. Və biz hansı bazarların boru kəmərinə daha yaxın olması barədə suala cavab versək, İsrailin həmin bazarların sırasında olduğunu görərik. Onların arasındakı məsafə cəmi 600 kilometrdir. Rəsmi Bakının məlumatlarına əsasən, İsrail Azərbaycan neftinin əsas ixracçılarından biridir.

- İsrailin bir qrup iş adamı Bakıdadır. Hansı sahələr ölkənizin iş adamları üçün daha maraqlıdır?

- İsrailin iş adamları Azərbaycana tez-tez gəlir. Dünən mən də həmin iş adamları qrupu ilə görüşdüm. Hətta Təl-Əviv-Bakı reysi üzrə uçuşların sayı həftədə iki dəfəyə qədər artdıqdan sonra da təyyarədəki yerlər hər zaman doludur və bu, İsrailin iş adamlarının bura olan marağından xəbər verir. Onları tikinti, kənd təsərrüfatı, sənaye kimi sahələr maraqlandırır. Onlar iqtisadiyyatın məhdud sahələrinə üstünlük vermirlər, onlar yaradıcı insanlardır və daha geniş və yeni imkanları gözdən keçirirlər. İsrail yüksək texnologiyalar, telekommunikasiya, infrastruktur sahəsində böyük təcrübəyə malikdir, bu sahələr üzrə Azərbaycanla əməkdaşlıq edir və bu fəaliyyəti gələcəkdə də davam etdirəcək. Mən hələ konkret layihələrin adını çəkmək istəmirəm, çünki onlar hələ hazırlıq mərhələsindədir.

Bu, İsrail və Azərbaycan arasında əmtəə dövriyyəsinin artmasına təsir göstərəcək. Düşünürəm ki, bu artım uzaqda deyil. İlk növbədə, bu, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə başlaması ilə əlaqədardır. Digər tərəfdən, iş adamlarının qarşılıqlı əlaqəsi əmtəə dövriyyəsinin artmasına imkan verir. İsrail texnologiyalarını almaq istəyən Azərbaycan şirkətlərinin sayı da artıb. Və Azərbaycanda olduğum müddətdə cəlb olunduğum layihələrin sayını nəzərə alaraq, deyə bilərəm ki, bu rəqəm artacaq.

- İsrail və Azərbaycan arasında rəsmi səviyyədə hansı planlar var?

- Müəyyən sahələr üzrə danışıqlar aparılır. Məsələn, Azərbaycan höküməti mədəniyyət sahəsində saziş layihəsini imzalamağa hazırlaşır. Biz daim iqtisadiyyat, xarici siyasət sahəsində Azərbaycan höküməti ilə əməkdaşlığı davam etdiririk. Gələn ayın əvvəlində bir qrup İsrail yazıçısı Azərbaycana gələcək.

İsraildə böyük Azərbaycan diasporu yaşayır. Onlar Azərbaycana çox bağlıdır. Eyni zamanda, Azərbaycanda çox fəal yəhudi icması var. Onlar, əlbəttə ki, özlərini Azərbaycan vətəndaşı hesab edirlər. Bu amil və ölkələrimizin özəl sektorunun əməkdaşlığı Azərbaycanın İsraillə münasibətlərini digər ölkələrlə olan münasibətlərdən fərqləndirir.

- Digər ölkələrdəki Azərbaycan diasporu, məsələn, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində yəhudi diasporunun dəstəyinə bel bağlıya bilərmi?

- Azərbaycan problemin həlli ilə bağlı danışıqlar yolunu seçib. Və ATƏT-in Minsk qrupunun dəstəyi ilə Ermənistanla razılıq əldə etməyə çalışır. İsrail və orada yaşayan, Azərbaycanla əlaqəsi olan insanlar münaqişənin sülh yolu tənzimlənməsi üzrə prezident İlham Əliyevin göstərdiyi səyləri dəstəkləyir. Biz hesab edirik ki, əldə olunacaq sülh sazişi Azərbaycanın və Cənubi Qafqazda yaşayan xalqların mənafelərinə cavab verəcək.

- Son vaxtlar Azərbaycandan İsrailə gedən yəhudilərin axını azalıb. Sizin fikrinizcə, bu, nə ilə əlaqədardır?

- İsrail yəhudilərin tarixi torpaqlarıdır. Keçmiş sovet ölkələrində, o cümlədən Azərbaycanda yaşayan yəhudilər doğma torpaqlarına qayıtmaq qərarına gəlib, lakin yenə də doğulduqları ölkə ilə əlaqə saxlayırlar. Yəhudilərin bir hissəsi, əlbəttə ki, heç bir yerə getməyib və onlar indiyədək Azərbaycanın bir hissəsidir. Son il ərzində bir neçə yüz yəhudi Azərbaycanı tərk edib. Əvvəlki illərlə müqayisədə bu rəqəm xeyli aşağıdır. Azərbaycanın ilk müstəqillik illərində vəziyyət tamamilə başqa cür idi. Lakin yəhudilərin köçmə faktı da bizi narahat etməməlidir. Çünki harada olmalarından asılı olmayaraq, onlar Azərbaycanı təmsil edirlər.

Xəbər lenti

Xəbər lenti