Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) rayon təşkilatları 2008-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkilərində partiyanın sədri, millət vəkili Sabir Rüstəmxanlının namizədliyini yenidən dəstəklədikləri ilə bağlı partiya rəhbərliyinə müraciət ediblər. Bu barədə Trend ə müxalifətyönlü VHP sədrinin müşaviri Samir Əsədli partiyanın II qurultayına hazırlıqla bağlı məlumat verərkən bilidrib.
Qeyd edək ki, VHP 1992-ci ilin sentyabrın 26-da yaradılıb, partiyanın sədri, millət vəkili Sabir Rüstəmxanlı 2003-cü ilədə keçirilən prezident seçkilərində namizədliyini vermişdi.
S.Əsədli qeyd edib ki, Siyasi Şuranın qərarı ilə partiyanın II qurultayı sentyabrda keçirilməliydi: "Lakin bəzi texni məsələlərin həlli ilə bağlı qurultayın bu ilin sonunadək keçirilməsi planlaşdırılıb". VHP rəsmisi bildirib ki, artıq qurultaya hazırlıq işlərəi aparılır. S.Əsədli əlavə edib ki, partiyanın nizamnaməsində bir sıra dəyişkliklər nəzərdə tutulub: "Katiblik institutu müavinlik institutu ilə əvəz olunacaq, baş katib postu isə birinci müavin vəzifəsi ilə əvəzlənəcək, Məclisə yeni üzvlər seçiləcək".
Onu da bildirək ki, Əsgər Məmmədovun istefasından sonra partiyanın baş katib postu hələ də boşdur.
S.Əsədli qeyd edib ki, qurultayda 2008-ci ildə Azərbaycanda keçiriləcək növbəti prezident seçkilərində partiyanın namizədliyi məsələsinin də müzakirə olunacağı istisna edilmir: "Ola bilər ki, seçkilərə vahid namizədlə gedək. Amma elə indidən qurultaya hazırlıqla bağlı rayon təşkilatlarında keçirilən konfranslarda qərara alınıb ki, prezident seçkilərində sədrimiz Sabir Rüstəmxanlının namizədliyi irəli sürülsün".