...

Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzinin toplantısı keçirilib

Siyasət Materials 6 Sentyabr 2006 14:48 (UTC +04:00)

Sentyabrın 6-da Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzinin yay fasiləsindən sonra ilk iclası keçirilib. Bu barədə Trend ə Əlaqələndirmə Mərkəzində təmsil olunan Azərbaycan Milli İstiqlal Partiyasından (AMİP) məlumat verilib.

AMİP-in qərargahında keçirilən toplantıda Mərkəzin üzvü olan partiyaların sədrləri iştirak ediblər. Görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, müxalifətin hazırkı fəaliyyəti, həmçinin Dağlıq Qarabağ problemi və Güney Azərbaycan məsələsi müzakirə olunub. Partiya sədrləri bu qənaətə gəliblər ki, Azərbaycan müxalifətinin böhranlı vəziyyətdən çıxması, siyasi fəallığını artırması üçün bütün müxalif qüvvələrin bir araya gətirilməsi, əməkdaşlığının yaradılması vacibdir. Sədrlər bunun üçün konkret tədbirlər görülməsini qərara alıblar.

Həmçinin Əlaqələndirmə Mərkəzində təmsil olunan siyasi partiyaların Bakı və Sumqayıt şəhər təşkilatlarının, o cümlədən işğal olunmuş rayonlardakı təşkilatların fəaliyyətinin əlaqələndirilməsi qərara alınıb.

Qeyd edək ki, bir neçə müxalifət qurumunu birləşdirən Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzində hazırda AMİP, Ümid, Tərəqqi, Milli Demokrat (Boz Qurd) partiyaları və Milli Dirçəliş Hərəkatı təmsil olunur.

Xəbər lenti

Xəbər lenti