...

Apellyasiya Məhkəməsi AXCP-nin MSK-ya qarşı iddiasını təmin etmədi

Siyasət Materials 19 Sentyabr 2006 18:53 (UTC +04:00)

Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Mərkəzi Seçki Komissiyasına (MSK) qarşı qaldırdığı iddianı təmin etməyib. Bu barədə Trend ə AXCP-ni məhkəmədə təmsil edən hüquqşünas Tofiq Quliyev məlumat verib.

Qeyd edək ki, AXCP bu il oktyabrın 6-da keçiriləcək bələdiyyə seçkilərini boykot edib. Lakin MSK-nın rəsmi məlumatlarında 23 nəfər AXCP üzvünün seçkidə iştirak etdiyi göstərilib. Bununla bağlı AXCP MSK-ya etiraz məktubu göndərməklə bərabər məhkəməyə də şikayət verib.

Ötən həftənin sonunda hakim Qəzənfər Kərimovun sədrliyi ilə Apellyasiya Məhkəməsinin iclasında Tofiq Quliyev AXCP üzvü kimi 23 namizədin seçkidə iştirak etməsi barədə MSK-nın rəsmi məlumatının həqiqətə uyğun olmadığını deyib. MSK üzvü Ramiz İbrahimov isə qeyd edib ki, həqiqətən də, 23 nəfərdən 19-u dairə seçki komissiyalarına partiya mənsubiyyətini təsdiqləyən sənəd təqdim etməyiblər. Qalan 4 nəfər isə partiya vəsiqəsini təqdm edib. AXCP-nin vəkili Tofiq Quliyev isə bildirib ki, 4 nəfərin göstərdiyi vəsiqə 1998-ci ildə verilib, həmçinin onlar AXCP-nin "klassiklər" qanadının təmsilçiləridir. Yəni, həmin şəxslərin üzvlük vəsiqəsinin müddəti bitib, həm də onların AXCP-yə aidiyyatı yoxdur.

Hakim MSK nümayəndəsinə AXCP üzvü olduğunu iddia edən namizədlərin vəsiqələrini, partiya üzvü olmasına dair rəsmi, möhürlü sənədləri məhkəməyə təqdim etməsini tapşırıb. Dünən isə hakim şikayətə dair qərar çıxarıb və AXCP-nin şikayətini təmin etməyib.

AXCP-nin vəkili T.Quliyev bildirib ki, Apellyasiya Məhkəməsinin qətnaməsini alan kimi Ali Məhkəməyə şikayət verəcək. Sonra isə Avropa Məhkəməsinə şikayət göndəriləcək.

Xəbər lenti

Xəbər lenti