Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında həmkarlar təşkilatının təsis yığıncağı keçirilib. Bu barədə Trend ə YAP mətbuat xidmətindən bildiriblər.
İclasa sədrlik edən YAP sədrinin müavini-icra katibi Əli Əhmədov çıxış edərək həmkarlar təşkilatının cəmiyyətin həyatında oynadığı roldan, bu qurumun məqsəd və vəzifələrindən bəhs edib. Bu təşkilatın peşə maraqları ilə bağlı olan vətəndaşların sosial-iqtisadi hüquq və mənafelərinin müdafiəsi məqsədilə yaradılan könüllü qeyri-siyasi ictimai birlik olduğunu qeyd edib, aparat işçilərinin bu istiqamətdə təşəbbüsünün təqdirəlayiq hal olduğunu bildirib.
İclasda daha sonra gündəliyə uyğun olaraq ilk həmkarlar təşkilatının təsis olunması, say tərkibinin müəyyən edilməsi və üzvlərinin, sədrinin və təşkilatın təftiş komissiyasının üzvlərinin seçilməsi məsələləri müzakirə edilib.
İclasda 9 nəfərdən ibarət ilk həmkarlar təşkilatı komitəsi və 3 nəfərdən ibarət təftiş komissiyası müəyyənləşdirilib. YAP Siyasi Şurasının üzvü Hüseyn Paşayev həmkarlar təşkilatının sədri seçilib. İclasda həmçinin ilk həmkarlar təşkilatının Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttfaqı Respublika Komitəsinə qəbul edilməsi ilə bağlı müraciət qəbul edilib.
Xatırladaq ki, YAP-ın ilk təsis konfransı 21 noyabr 1992-ci ildə Naxçıvan Muxtar Respublikasında keçirilib. Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyev partiya sədri seçilib. 1995-ci ildə keçirilən parlament seçkilərində Milli Məclisə seçilən deputatların əksəriyyəti YAP üzvü olduğundan iqtidar partiyasına çevrilib. 2000-ci ildə Milli Məclisə keçirilən seçkilərdə YAP yenidən qalib gəlməklə 124 deputat yerindən 75-i tutub. 2005-ci il parlament seçkilərində də partiya növbəti qələbəsinə imza atıb. Hazırda partiyanın sədri Azərbaycan Respublikasının prezidenti İlham Əliyevdir. Partiyanın 500 mindən çox üzvü var.