...

Səfir: Avstriyada "Arşın mal alan"ın premyerası uğurla keçdi

Siyasət Materials 28 Sentyabr 2006 13:17 (UTC +04:00)

Sentyabrın 27-də Avstriyanın paytaxtı Vyana şəhərində Üzeyir Hacıbəyovun "Arşın mal alan" musiqili komediyasının premyerası böyük uğurla keçib. Bu barədə Trend ə Azərbaycanın Avstriyadakı səfiri Fuad İsmayılov bildirib. Səfir vurğulayıb ki, tamaşa Avropa tamaşaçısı üçün başa düşülən üslubda qoyulmuşdu və bu, tamaşadan sonra xüsusilə qeyd olunub.

F.İsmayılov qeyd edib ki, premyerada Avstriyanın Federal Kansler aparatının, XİN, Mədəniyyət, Təhsil və Elm nazirliklərinin, diplomatik korpusların nümayəndələri, tənqidçilər və bu ölkədə yaşayan azərbaycanlılar iştirak edib. Azərbaycanı isə mədəniyyət və turizm naziri Əbülfəz Qarayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

O həmçinin əlavə edib ki, premyeraya qədər böyük reklam kampaniyası keçirilib. Vyananın bir çox hissələrində plakatlar yapışdırılıb. Radio və telekanallarda "Arşın mal alan"a həsr olunmuş proqramlar hazırlanıb.

F.İsmayılov bildirib ki, sentyabrın 28 və 30-da tamaşanın növbəti nümayişləri olacaq. Bugünkü tamaşanın dirijoru opera studiyasının direktoru Azad Əliyev olacaq. Tamaşaya Bakı musiqi akademiyasının rektoru Fərhad Bədəlbəyli rəhbərlik edəcək.

Qeyd edək ki, üç il bundan əvvəl operanın bir parçasını eşidən amerikalı dirijor Maykl Snaks "Arşın mal alan"ı Vyana teatrının səhnəsində qoymaq qərarına gəlib. Əsərin ariyaları Azərbaycan dilində, mətni isə alman dilində ifa olunub. Rolları Vyananın tanınmış aktyorları ifa ediblər.

Xəbər lenti

Xəbər lenti