Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) oktyabrın 6-da saat 13.00-da Dövlət Əmlakının İdarəedilməsi Dövlət Komitəsi qarşısında planlaşdırdığı piketini təxirə salıb. Bu barədə Trend ə AMİP-in mətbuat və təbliğat katibi Əli Orucov bildirib.
Ə.Orucov bildirib ki, bu qərar partiyanın Siyasi Şurasında qəbul edilib. Piketin təxirə salınması səbəbini izah edən Ə.Orucov bildirib: "Qərara almışıq ki, əsas fəaliyyətimizi Güney Azərbaycanla bağlı tutduğumuz mövqeyə yönəldək. Ona görə də nəzərdə tutduğumuz piketin təxirə salınması qərarını verdik". Xatırladaq ki, planlaşdırılan piket AMİP-in qərargahla təmin edilməməsi ilə bağlı idi.
AMİP rəsmisi onu da bildirib ki, Siyasi Şurada oktyabrın 13-ü saat 13.00-da İran İslam Respublikasının Bakıdakı səfirliyi qarşısında növbəti etiraz aksiyasının keçirilməsi barədə qərar qəbul edilib.
Qeyd edək ki, aksiya İranda yaşayan azərbaycanlıların öz ana dilində təhsil almaq hüququndan məhrum edilməsinə, fars dilinin məcburi tədris edilməsinə etiraz olaraq planlaşdırılıb. AMİP fəalları İran hakimiyyətindən azərbaycanlıların öz ana dlində təhsil almaq kimi milli, mədəni hüquqlarının təmin olunmasını tələb edir. Etiraz aksiyası ilə bağlı oktyabrın 4-də Bakı Şəhər İcra Hakimiyyətinə məktubla müracət olunacaq. Ə.Orucov bildirib ki, piketlər intensiv xarakter daşıyacaq: "Nəzərdə tutmuşuq ki, həftədə iki dəfə belə tədbirlər keçirək".
Onu da bildirək ki, mayın 22-dən bu günədək AMİP məlum məsələlərlə bağlı İran səfirliyi qarşısında 8 etiraz aksiyası keçirib. Oktyabrın 6-a planlaşdırlan piket 9-cu olacaq.
AMİP 1992-ci ildə yaradılan və Azərbaycanda ilk dövlət qeydiyyatına alınan partiyadır. AMİP-in qurucusu və 2004-cü ilin sonunadək sədri olan Etibar Məmmədov hazırda Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədr müavini, eyni zamanda partiyanın lideridir.