...

Xüsusi nümayəndə: Fəaliyyət planı qəbul olunduqdan sonra AB və Azərbaycan münasibətlərin yeni və daha fəal fazasına daxil olacaqlar

Siyasət Materials 10 Oktyabr 2006 10:32 (UTC +04:00)
Xüsusi nümayəndə: Fəaliyyət planı qəbul olunduqdan sonra AB və Azərbaycan münasibətlərin yeni və daha fəal fazasına daxil olacaqlar

Trend in AB-nin Cənubi Qafqaz ölkələr üzrə xüsusi nümayəndəsi ilə eksklüziv müsahibəsi

- Sizin Azərbaycana yeni səfərinizin tarixi dəqiqləşdirilibmi?

- Mən fasilələrlə Cənubi Qafqazın hər üç ölkəsinə səfər etmək niyyətindəyəm. AB Üçlüyünün Azərbaycana uğurlu səfərindən yenicə qayıtmışam. İlin sonunadək ən azı bir dəfə də bölgəyə gəlmək niyyətindəyəm.

- Sizin noyabrda baş tutacaq Azərbaycana səfərinizin məqsədi nədir?

- Səfərimin məqsədi Avropa qonşuluq siyasəti Fəaliyyət planının xüsusilə də mənim fəaliyyətimlə bağlı bəzi aspektlərinin müzakirəsindən ibarətdir. O cümlədən siyasi məqamlar - münaqişənin həlli, demokratik institutların inkişafı, qanunun aliliyi, insan haqları və regional əməkdaşlıq müzakirə olunacaq.
Həmişəki kimi mən münaqişənin həlli məsələsini müzakirə edəcəyəm. Dağlıq Qarabağ üzrə danışıqlara görə ATƏT-in Minsk qrupunun cavabdehlik daşımasına baxmayaraq, Avropa Birliyi onların işinin dəstəklənməsi və etimadın yaradılması üçün çox işlər görə bilər.
Düşünürəm ki, azərbaycanlılar və Qarabağda yaşayan xalq arasında əlaqələ olmaması ciddi problemdir. Bu cür problem Gürcüstanda da, xüsusilə gürcü və abxazlar arasında mövcuddur. Son 15 il ərzində onların əhəmiyyətli əlaqələri olmayıb. Ünsiyyət azlığı və müxtəlif istiqamətlərdə cəmiyyətlərin inkişafı vaxt keçdikcə münaqişənin sülh yolu ilə həllini daha da mürəkkəbləşdirir. Ona görə də biz icmalar arasında tədricən qarşılıqlı əlaqənin olması üçün şəraitin necə yaradılacağı barədə düşünməliyik.
Fəaliyyət planı qəbul olunduqdan sonra AB və Azərbaycan münasibətlərin yeni və daha fəal fazasına daxil olacaqlar. Mən çox xoşbəxtəm ki, Azərbaycan Avropa Birliyi ilə münasibətləri dərinləşdirmək istəyir. Bu, hər iki tərəf üçün ən səmərəli münasibətdir. AB Avropa qonşuluq siyasətini Cənubi Qafqaz ölkələrində yaymaq qərarını verməklə strateji seçim edib və hesab edirəm ki, Azərbaycanın bu təklifi qəbul etmək qərarı da onun strateji seçimini əks etdirir.
Mən hələ növbəti gəlişim zamanı kiminlə görüşəcəyimi bilmirəm, lakin adətən siyasi liderlər, Xarici İşlər Nazirliyində yüksək vəzifəli məmurlar, həmçinin KİV, vətəndaş cəmiyyəti və müxalifət nümayəndələri ilə görüşürəm.

- Avropa qonşuluq siyasətinin Fəaliyyət planı qəti olaraq nə vaxt və harada təsdiq olunacaq? Sənəd təsdiq olunduqdan sonra hansı addımlar atılacaq?

- Fəaliyyət planının noyabrın ortalarında Əməkdaşlıq üzrə şuranın yığıncağında formal olaraq təsdiq olunması planlaşdırılır. Bu, planlaşdırmanın başlanması haqqında formal qanun olacaq. Gələn il başlayacaq maliyyələşdirmə Avropa qonşuluq siyasəti alətinin köməyi ilə mümkün olacaq. Fəaliyyət planının reallaşdırılmasının mümkün qədər səmərəli olması üçün Avropa Komissiyası 2007-ci ilin əvvəlində Bakıda nümayəndəlik açmağı planlaşdırır.

- Siz Gürcüstan və Ermənistana da səfər etməyi planlaşdırırsınızmı? Bəs bu ölkələrdə hansı görüşləri keçirəcəksiniz?

- Bəli, ilin sonunadək Ermənistan və Gürcüstana da səfər edəcəyəm. Adətən, səfər proqramı bütün ölkələrdə oxşar olur - bura hökümət, KİV, vətəndaş cəmiyyəti və müxalifət nümayəndələri ilə görüşlər daxildir. Gürcüstanda da diqqətimi elə sahələrə yönəldirəm ki, həmin sahələr üzrə AB son zamanlar fəal şəkildə öz məsləhətlərini verib. Bu, əsasən, məhkəmə sistemi və sərhədlərin mühafizəsidir. Bu sahələrdə bizim Gürcüstana göstərdiyimiz dəstək Fəaliyyət planını reallaşdırmaq niyyətində olan Azərbaycanla münasibətlərimizə müəyyən dərəcədə təsir göstərə bilər.

Xəbər lenti

Xəbər lenti