Hakim Yeni Azərbaycan Partiyasının (YAP) təşəbüssü ilə oktyabrın 14-də Bakı Əyləncə Mərkəzində İlham Əliyevin Azərbaycan prezidenti seçilməsinin 3 illiyi ilə əlaqədar elmi-praktik konfrans keçirilir. Trend xəbər verir ki, konfransda Milli Məclis və YAP rəhbərliyi, dövlət və hökümət rəsmiləri, müxalifət partiyalarının rəhbərləri və millət vəkilləri iştirak edirlər.
Konfransı açan YAP sədrinin müavini-icra katibi, millət vəkili Əli Əhmədov bu günü Azərbaycanın inkişaf tarixinin əlamətdar günü kimi qeyd edib. Ə.Əhmədov bildirib ki, İlham Əliyevin H.Əliyev siyasətini davam etdirməsi Azərbaycanın inkişafında yeni mərhələ açıb: "Azərbaycanın keçdiyi üç illik tarix həyatımızın bütün sahələrində sıçrayışlarla yadda qalıb. İ.Əliyevin siyasəti nəticəsində Azərbaycan bütün sahələrdə uğurlar, nailiyyətlər əldə edib".
Ə.Əhmədov onu da qeyd edib ki, bu uğurlar davam edəcək.
Daha sonra Milli Məclisin iqtisadi siyasət məsələləri daimi komissiyasının sədri, akademik Ziyad Səmədzadə çıxış edib. O bildirib ki, 3 il müddətində Azərbaycanın iqtisadi inkişafı daha da möhkəmlənib: "2000 - 2006-cı illərdə ölkədə ümümdaxili məhsulun həcmi 3,8 dəfə artıb". Komissiya sədri bildirib ki, İ.Əliyevin apartdığı siyasət nəticəsində Regional İqtisadi İnkişaf Proqramı uğurla həyata keçirilməkdədi. Regionlarda sahibkarlığın inkişafının artması yeni iş yerlərinin açılmasına gətirib çıxarıb ki, bu da ölkədə işsizlik probleminin həllinə təsir göstərib.
Prezident Aparatı xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov isə öz çıxışında İ.Əliyevin prezidentliyinin 3 ili müddətində Azərbaycanın xarici siyasətində əldə edilmiş uğurlardan danışıb. N.Məmədov qeyd edib ki, bu uğurlar İ.Əliyevin iradəli, mübariz ölkə başçısı kimi dünyanın lider dövlətləri arasındakı nüfüzu ilə bağlıdır.