...

NATO ilə Azərbaycan arasında əlaqələrin inkişaf perspektivləri bir daha nəzərdən keçiriləcək

Siyasət Materials 16 Oktyabr 2006 18:23 (UTC +04:00)

Milli Məclis sədrinin birinci müavini, NATO PA-dakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov NATO Parlament Assambleyasının Müdafiə və təhlükəsizlik komitəsinin gələcək təhlükəsizlik və müdafiə imkanları alt komitəsinin sədri Iahid Ərdəmin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.

Ziyafət Əsgərov bildirib ki, Azərbaycan NATO PA ilə əlaqələrə xüsusi diqqət yetirir. Azərbaycan NATO-nun bir sıra sahələrində, o cümlədən terrorizmə qarşı mübarizədə çox fəal iştirak edir.

Azərbaycanın sürətli sosial-iqtisadi inkişafından, həyata keçirilən irimiqyaslı layihələrdən söhbət açan Z.Əsgərov böyük irəliləyişlərdən xəbər verən bu layihələrin Avropanın da diqqət və maraq mərkəzində olduğunu bildirib: "Amma təəssüflər olsun ki, inkişafımıza mane olan ciddi problemlər də vardır. Onlardan biri də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Problemin həlli ilə birbaşa ATƏT-in Minsk qrupu məşğul olur, lakin indiyədək heç bir irəliləyiş yoxdur. Ermənistan tərəfi münaqişənin həlli ilə bağlı beynəlxalq təşkilatların qətnamə və qərarlarına məhəl qoymur. Hesab edirik ki, NATO da bu məsələ ilə bağlı öz sözünü deməlidir".

Nümayəndə heyətinin rəhbəri Iahid Ərdəm NATO-nun Cənubi Qafqaza böyük maraq göstərdiyini bildirib: "Cənubi Qafqaz ölkələri, xüsusən də Azərbaycanla əlaqələrin inkişafı qurum üçün çox mühümdür. Dünyada ciddi problemlər yaşanır - terror, enerji böhranı və s. - ona görə də birgə əməkdaşlıq olduqca vacibdir".

Bundan əvvəl Ermənistanda və Gürcüstanda olduqlarını xatırladan qonaq deyib ki, məqsədimiz NATO-da Azərbaycanla bağlı informasiyanı artırmaq, ölkədə həyata keçirilən islahatlar, qonşu dövlətlərlə münasibətlər, demokratiyanın inkişafı və s. barədə məlumatlar əldə etməkdir: "Bilirik ki, Azərbaycan regionda çox böyük rola malikdir, zəngin neft ehtiyatlarınız, böyük enerji layihələriniz vardır. Bu, həm Türkiyənin, həm də Qərbin maraq dairəsindədir. Bundan sonra NATO ilə Azərbaycan arasında əlaqələrin inkişaf perspektivlərini bir daha nəzərdən keçirəcəyik. Dağlıq Qarabağ münaqişəsinin bu günə qədər həll olunmamasından da təəssüflənirik. NATO münaqişənin sülh yolu ilə həllinə tərəfdardır və ümid edirik ki, bu sahədə irəliləyiş olacaqd".

Xəbər lenti

Xəbər lenti