...

AŞPA həmməruzəçilərinin Azərbaycana səfər proqramı açıqlanıb

Siyasət Materials 28 Oktyabr 2006 13:30 (UTC +04:00)

AŞPA həmməruzəçiləri Adres Herkel və Toni Lloydun Azərbaycana səfər proqramı açıqlanıb. Avropa Şurasının Strasburqdakı mətbuat xidmətindən Trend ə verilən məlumata görə, oktyabrın 29-da Bakıya gələcək həmməruzəçilər oktyabrın 30-dan noyabrın 2-dək görüşlər keçirəcəklər.

Belə ki, proqrama əsasən, oktyabrın 30-da QHT, KİV, "Azadlıq" bloku, Müsavat, Yeni Azərbaycan partiyalarının nümayəndələri, eləcə də fövqəladə hallar naziri Kəmaləddin Heydərovla görüşlər keçiriləcək. Oktyabrın 31-də isə Qubada bələdiyyələr, milli azlıqlar və QNT təmsilçiləri, eləcə də milli təhlükəsizlik naziri Eldar Mahmudovla görüşlər keçiriləcək, Milli Təhlükəsizlik Nazirliyinin ilkin saxlanma məntəqələrinə baş çəkiləcək. Noyabrın 1-nə MSK sədri Məzahir Pənahov, XİN başçısı Elmar Məmmədyarov, baş prokuror Zakir Qaralov, ədliyyə naziri Fikrət Məmmədov, Məhkəmə-Hüquq Şurasının üzvləri, eləcə də ittiham olunan Sakit Zahidov, Ruslan Bəşirli və Ramin Tağıyevlə görüşlər nəzərdə tutulub.

Səfərin sonuncu günü, noyabrın 2-də həmməruzəçilər Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti, siyasi məhbuslarla iş üzrə işçi qrupunun üzvləri, Milli Məclisin sədri Oqtay Əsədov, Azərbaycan Dillər Universitetinin tələbələri, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevlə müzakirələr aparacaqlar. Həmçinin Azərbaycan prezidenti İlham Əliyevlə görüş planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti