...

Azərbaycan prezidenti Daşkəsən rayonunda filizzənginləşdirmə kombinatının açılışında iştirak edib

Siyasət Materials 31 Oktyabr 2006 17:37 (UTC +04:00)

Qeyri-neft sektoru, sənaye, infrastrukturun inkişafı, sosial məsələlərin həlli Azərbaycan iqtisadiyyatının əsas vəzifəsidir və bu, ölkənin iqtisadi potensialından asılıdır. Bunu bu gün Daşkəsən filizzənginləşdirmə kombinatının açılışında Azərbaycan prezidenti İlham Əliyev ictimaiyyət qarşısında çıxış edərkən bəyan edib.

Trend in xəbər verdiyi kimi, prezidentin sözlərinə görə, Azərbaycanın məqsədi güclü iqtisadiyyata malik güclü dövlət yaratmaqdır. "Buna yeni sənaye istehsalı yaratmaqla nail olmaq olar. 9 ay ərzində Azərbaycanda iqtisadi artım 34 % təşkil edib, sənaye istehsalı 40% artıb. Bu göstərici dünyada ən yüksək göstəricidir", - deyə İlham Əliyev bildirib.

Onun sözlərinə görə, ölkədə infrastruktur tamamilə yeniləşdirilir, xüsusi ilə Daşkəsən rayonunda filizzənginləşdirmə kombinatı işə salınır. "Bu, bölgənin inkişafı üçün tarixi əhəmiyyətə malik böyük bir hadisədir. Yeni sənaye kompleksi sayəsində yeni zavodlar inşa ediləcək, qeyri-neft sektoru inkişaf edəcək. Bu kombinat 1940-cı ildə yaradılıb və uzun illər effektiv fəaliyyət göstərib. Lakin 90-cı illərin əvvəlində o, fəaliyyətini dayandırıb. Biz kombinata yeni həyat veririk", - deyə dövlət başçısı bildirib.

Üç il ərzində bu istehsalata 200 mln. dollardan çox vəsait yatırılacaq. İlham Əliyevin sözlərinə görə, Daşkəsən rayonu böyük imkanlara, böyük potensiala, gözəl təbiətə malikdir. Gəncədən Daşkəsənə yeni yolun açılması bu bölgədə turizmin inkişafına imkan yaradacaq. Qısa müddət ərzində rayonda ən müasir dünya standartlarına cavab verən yeni yol inşa edilib. "Biz şəhərlərarası, magistral, rayon və hətta ölkənin ən ucqar sahələrində yol inşasını çox sürətli templə həyata keçiririk, amma başlıca şərt onların ən son müasir standartlara cavab verməsidir", - deyə İlham Əliyev söyləyib.

Prezident Daşkəsəndə Heydər Əliyevin abidəsinin açılışında iştirak edib, Heydər Əliyev muzeyinə, təmir olunmuş məktəbə baş çəkib, eləcə də şəhid ailələri üçün inşa edilmiş yeni binanın açılış mərasimində iştirak edib.

Xəbər lenti

Xəbər lenti