...

Nəsimi rayon məhkəməsində AXCP sədrinin rayon prokurorluğuna qarşı iddiasına baxılıb

Siyasət Materials 1 Noyabr 2006 14:13 (UTC +04:00)

Noyabrın 1-də Nəsimi rayon məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin rayon prokurorluğuna qarşı qaldırdığı iddiaya baxılıb. Trend in məlumatına görə, hakim Məmmədəli Zülfüqarovun sədrliyi ilə keçən məhkəmə iclasında iddiaçı və cavabdeh tərəf dinlənilib.

Əli Kərimlini vəkili Tofiq Quliyev, qarşı tərəfi isə Nəsimi rayon prokurorunun müavini təmsil edib. Vəkil Tofiq Quliyev çıxışında bildirib ki, Əli Kərimliyə qarşı 1994-cü ildə qaldırılmış cinayət işinin ləğv olunmaması əsas gətirilərək ona ümumvətəndaşlıq pasportu verilmir və bununla da partiya sədrinin konstitusion hüquqları pozulur, sərbəst şəkildə hərəkəti məhdudlaşdırır. Buna görə də Nəsimi rayon prokurorluğunun cavabdehlik daşıdığını, qondarma cinayət işinə 12 il keçməsinə baxmayaraq hələ də xitam verilməməsinin qanunazidd olduğunu deyən vəkil əlavə edib ki, AXCP sədrinə pasport verilməməsi ona qarşı siyasi təzyiqdir.

Prokurorluğun təmsilçisi isə bu iddia ilə razılaşmayıb və pasport verilməsi məsələsi ilə Daxili İşlər Nazirliyinin məşğul olduğunu deyib.

Hakim iddia ilə bağlı qərarı sabah - noyabrın 2-də saat 10.00-da elan edəcək.

Xatırladaq ki, AXCP müxalifəti təmsil edən "Azadlıq" siyasi blokunda təmsil olunur.

Xəbər lenti

Xəbər lenti