...

Cavad Derəxti: "Dünya Azərbaycanlıları Konqresinin qurultayı maddi çətinliklər üzündən başqa vaxta keçirildi"

Siyasət Materials 9 Noyabr 2006 10:26 (UTC +04:00)
Cavad Derəxti: "Dünya Azərbaycanlıları Konqresinin qurultayı maddi çətinliklər üzündən başqa vaxta keçirildi"

Trend in Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədri Cavad Derəxti ilə eksklüziv müsahibəsi

- Cavad bəy, DAK-ın dekabrda keçirilməsi planlaşdırılan qurultayı hansı səbəblərdən təxirə salındı?

- Bizim bəzi planlarımız var idi və onlar baş tutmadı, DAK-ın qurultayı təxirə salındı. Çünki bizə heç kəsdən köməklik edilmədi. Yəni, heç bir maddi yardım göstərilmədi. Bütün təşkilati işləri həyata keçirməyə DAK-ın özünün imkanları var. Lakin maliyyə yardımları da lazımdır ki, biz qurultay kimi böyük bir tədbiri istədiyimiz şəkildə keçirə bilək. Ona görə də qərara gəldik ki, qurultayı təxirə salaq və onun əvəzinə başqa işlərimizi həyata keçirək.
Qurultayın təxirə salınmasını zəruri edən səbəblərindən biri bu toplantıya media nümayəndələrini, alimləri cəlb etməyə imkanımızın olmamasıdır. Qurultayı yalnız özümüz üçün keçirsəydik, yəni, yalnız özümüz danışıb özümüz eşitmək istəsəydik, belə tədbirləri biz istənilən vaxt keçirə bilərik. Lakin biz istədik ki, qurultayımızda Azərbaycandan və başqa ölkələrdən görkəmli azərbaycanlı ziyalılar, jurnalistlər də iştirak etsinlər. Daxili və xarici KİV-ləri dəvət etmək fikrindəyik. Amma bunların hamısı böyük maliyyə vəsaiti tələb edir. Başa düşürük ki, media nümayəndələrinin xaricdəki tədbirlərdə iştirak etmək üçün o qədər geniş imkanları yoxdur. Bizə də heç bir maliyyə yardımları olmadığından onların iştirakını təmin etmək mümkün olmadı.

- Kimlərdən maddi dəstək gözləyirdiniz?

- Dünyanın müxtəlif ölkələrində çoxlu sayda imkanlı azərbaycanlılar yaşayır. Biz gedib heç kəsdən yardım istəməməliyik, onlar özləri gəlib dəstək olmalıdırlar. Mənim qürurum imkan verməz ki, gedim kiməsə ağız açım, maliyyə yardımı istəyim. Soydaşlarımız özləri bizi axtarmalı, öz təşəbbüsləri ilə yanımızda olmalıdırlar. Ancaq bü günədək necə öz hesabımıza fəaliyyət göstərmişiksə, bundan sonra da elə olacaq. Bizim kimsədən hər hansı təvəqqemiz yoxdur. Əlbəttə ki, istərdik imkanlı şəxslər, qurumlar yardımçı olsunlar. Olmadılar, çünki biz özümüz öz dilimizlə bunu istəmədik, heç kəsin qapısını döymədik və bundan sonra yenə də döyməyəcəyik. Xalqımızın, öz üzvlərimizin gücü ilə bu qurultayımızı da keçirəcəyik.

- Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi ilə bu məsələni müzakirə etmisinizmi?

- Xeyr. Mən Azərbaycan prezidenti ilə görüşmək istəyirdim. Dövlət Komitəsinin sədri Nazim bəy İbrahimova da bu barədə məktub yazmışdım. Hələ də bu görüş təyin olunmayıb. Mənim dövlət başçısı ilə görüşmək istəyimdə məqsəd odur ki, prezident Azərbaycan diasporunun durumunu, indiki vəziyyətini bilsin. Nazim İbrahimov əlindən gələni edir, sağ olsun, bizdən heç nə əsirgəmir. O, bundan artıq daha nə edə bilər ki? Amma biz qurultayımızla bağlı Nazim bəydən yardım istəmədik. Hesab edirik ki, dövlət qurumu özü bizim bu işimizlə maraqlanmalıdır. Biz qeyri-hökumət təşkilatıyıq və ona görə də gedib hökumətdən pul istəməyimiz doğru olmazdı.

- DAK-ın təxirə salınmış qurultayı nə vaxt keçiriləcək?

- Hesab edirik ki, qurultay əlamətdar bir gündə olmalıdır. Çox güman ki, gələn il Novruz bayramına, yaxud da ən geci Müstəqillik Günü münasibəti ilə may ayının 28-nə təyin oluna bilər.
Mən də daxil olmaqla DAK-ın Sədr Aparatının bir qrup heyəti bu il noyabrın 26-dan dekabrın 1-dək Türkiyədə səfərdə olacağıq. DAK-ın Türkiyədə toplantısı, bir sıra görüşləri olacaq. Ankara və İstanbul şəhərlərində Türkiyənin rəsmi şəxsləri, sivil toplum quruluşları, media orqanları, bəzi strateji mərkəzlərdə görüşlər keçirəcəyik. Bu görüşlər Ankarada Məhəmməd Əmin Rəsulzadənin məzarını ziyarətlə başlayacaq. Atatürkün məzarını da ziyarət edəcəyik. Sonra Rəsulzadənin davamçısı olmuş D.Kəngərlinin dərnəyində olacağıq. Həmçinin Məhəmməd Əminin yaratdığı ilk Azərbaycan kültür mərkəzini, yəni, Rəsulzadə ocağını ziyarət edəcəyik. Bundan sonra rəsmi və qeyri-rəsmi görüşlərə başlayacağıq. Türkiyənin sivil toplum quruluşlarında, universitetlərdə görüşlər keçirəcəyik. Həmçinin Xarici İşlər Nazirliyində, Baş Bakanlıqda görüşlərimiz olacaq və orada Türkiyədə təhsil alan azərbaycanlı tələbələrlə bağlı müzakirələr aparacağıq. Baş Bakanlıqda bu sahəylə məsul olan qurum fəaliyyət göstərir.
Sonra İstanbula gedəcəyik və orada Türk Dünyası Araşdırmaları Vəqfində görüş keçirəcəyik. Vəqfin rəhbəri Turan Yazqınla söhbətlərimiz olacaq. Türkiyənin bir neçə telekanallarında çıxış edəcəyəm, artıq bunun üçün vaxt ayırıblar. Bəzi qəzetlərdə görüşümüz olacaq.
Biz Parisdə qondarma "erməni soyqırımı"na dair çıxarılmış ədalətsiz qərara etiraz olaraq iki həftə əvvəl aksiya keçirmək istəyirdik. Xocalı soyqırımı ilə bağlı keçən il İstanbulda Taksim meydanında və Brüsseldə keçirdiyimiz aksiyalarda bizə dəstək olmuş türk dərnəkləri ilə görüşlərimiz olacaq. Bu görüşdə məqsəd Avropada Türkiyə əleyhinə yönəlmiş kampaniyalara, qondarma "erməni soyqırımı" iddialarına dəstək verilməsinə etiraz olaraq hansı işləri görə biləcəyimizi, nə kimi köməklik göstərmək lazım olduğunu müzakirə etməkdir. Oturub birgə fəaliyyətimizi, səylərimizi birləşdirməyi müzakirə edəcəyik.
Xatırladım ki, 1917-18-ci illərdə bizim yüz minlərlə soydaşımız Urmiyədə, Xoyda, Səlmasda erməni daşnakları tərəfindən və onların cani tərəfdarları vasitəsilə qətlə yetirilib. Hələ də bu faktlarla bağlı geniş bir araşdırma aparılmayıb. Halbuki ermənilər dünyanın hər yerində hay-küy salırlar ki, guya türklər onlara qarşı soyqırım ediblər. Biz əslində ermənilər tərəfindən törədilmiş soyqırım faktlarını gün işığına çıxarmaq üçün Türkiyədəki strateji araşdırma mərkəzlərilə, ekspertərlə bu mövzuda danışıqlar aparmaq niyyətindəyik. Lazım olarsa, hətta mütəxəssisləri Urmiyə, Xoy, Səlmas şəhərlərinə göndərib bu qətliamın araşdırılmasına, öldürülənlərin ailələrindən sağ qalan insanlarla görüşüb faktlar toplanmasına nail olmaq istəyirik.

- Qarabağla bağlı kütləvi aksiyalar yenə də davam etdiriləcəkmi?

- Bildiyiniz kimi, Xocalı soyqırımı ilə bağlı etiraz aksiyalarımızı bu il Bakıdan başladıq və Haaqa şəhərində başa çatdırdıq. Bu aksiyaları yenə davam etdirəcəyik. 2007-ci il fevralın 24-də Xocalı soyqırımına dair tədbirimiz olacaq. Həmçinin 20 Yanvar faciəsini də biz hər il qeyd edirik. DAK-ın hər bir nümayəndəliyi fəaliyyət göstərdiyi ölkədə faciənin ildönümü qeyd edir.

- Kiyevdə Ukrayna Azərbaycanlıları Konqresi ilə birgə Forum keçirməyi razılaşdırmışdınız, bu planlarınız həyata keçiriləcəkmi?

- Bəli, bu tədbiri mütləq keçirəcəyik. DAK-ın Ukraynadakı nümayəndəsi Oqtay Rüstəmov bu sahədə çox çalışır, lazım olan işləri görür. Mən Ukranya Azərbaycanlıları Konqresinin sədri Oqtay Əfəndiyevlə, səfir Tələt Əliyevlə danışıb müzakirələr aparmışdım. Çox geniş, beynəlxalq səviyyəli bir konfrans keçirilməyi təklif etdik. Türkiyə səfəri başa çatdıqdan sonra Kiyevdə keçiriləcək bu tədbirin proqramını hazırlamaq niyyətindəyik. Əslində Ukraynadakı diaspor nümayəndələri bu forumun dekabr ayında keçirilməsini təklif etdilər, amma mən DAK-ın qurultayının olacağını bildirdim və buna görə də birgə tədbirimizin gələn ilin əvvəlində keçirilməsini qərara aldıq. İndi isə qurultayımız təxirə salındığına görə hesab edirəm ki, bu tədbiri mütləq təşkil edəcəyik.
Ukraynadan başqa, biz Rusiyada da geniş bir tədbir keçirəcəyik və bunu Kazanda, Sankt-Peterburqda təşkil etməyi planlaşdırırıq. Yeri gəlmişkən onu da deyim ki, DAK-ın Sankt-Peterburqda nümayəndəliyi açılacaq. İndiyədək DAK-ın Rusiya üzrə Kazanda və Moskvada büroları fəaliyyət göstərirdi. İndi Sankt-Peterburqda da nümayəndəlik açacağıq. Yaxın gələcəkdə Sankt-Peterburqda böyük bir tədbirimiz olacaq, media nümayəndələrini də dəvət edəcəyik. Rusiyada işlərimiz qaydasında gedir, ona görə ola bilsin ki, burada konfransımız Ukraynadakından əvvəl keçirilsin.
Qeyd etdiyim kimi, Sankt-Peterburqda nümayəndəliyimizin təsis konfransı keçiriləcək. Bu toplantıya ziyalıları, alimləri, mətbuatı cəlb etmək niyyətindəyik. Çünki diasporumuzun tədbirlərinə soydaşlarımızı toplamaq həm də ermənilər qarşısında gücümüzü, birliyimizi nümayiş etdirmək deməkdir. Qoy hamı bilsin ki, bizim də təşkilatlarımız var və onlar lazım olan anda bir yerdə olurlar. Mən o fikirdəyəm ki, ermənilərin əslində o qədər də gücləri yoxdur. Sadəcə olaraq müxtəlif ölkələrdəki erməni lobbisi kütləvi informasiya mərkəzlərini ələ alıblar, onların vasitəsilə çox güclü şəkildə təbliğatlarını aparırlar. Lakin təəssüf ki, bizdə bu yoxdur. Məsələn, DAK-ın ən zəif nöqtəsi məhz lazımi şəkildə təbliğatını qura bilməməsidir.

- DAK-ın fəaliyyətini daha çox tənqid edən Bülənt Gürcamdır və bu günlərdə konqresin rəhbərliyinin ünvanına ittihamlar səsləndirdi. Onun tənqidləri və ittihamları həqiqəti əks etdirirmi?

- Mənim bu barədə məlumatım var. Azərbaycanın çox dəyərli bir atalar sözü var - oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı. Bülənt Gürcam DAK-ın 1997-ci ildən bəri indiyədək fəaliyyəti dövründə bircə dəfə Brüsseldən Stokholma nümayəndə kimi gəlmişdi və onu mən, yəni qurultay yox, şəxsən mən özüm Brüsselə nümayəndə təyin etdim. Biz Xocalı soyqırımı ilə bağlı Brüsseldə aksiya keçirməyi planlaşdıranda o, söz vermişdi ki, "note-book" gətirəcək, tədbirimizi internet vasitəsilə yayımlayacaq. Lakin biz ora toplananda bu adam yox oldu. İndi də dili hamıdan uzundur. Mən bilmirəm ki, bu adamın məqsədi nədir və arxasında kimlər dayanır. Onun rəhbərlik etdiyi quruma gəldikdə isə, "Azərbaycan evi" adlandırdığı yer şəhərin kənarında kiçik bir evdir, oranı kirayələyib və indi özünü DAK-la bir tərəziyə qoyur. Gündəmə gəlmək üçün tez-tez mətbuat vasitəsilə cürbəcür fikirlər yayır. Ancaq biz onu, ümumiyyətlə, ciddiyə almırıq.

Xəbər lenti

Xəbər lenti