...

Azərbaycanda Konstitusiya Günü qeyd edilir

Siyasət Materials 12 Noyabr 2006 10:42 (UTC +04:00)
Azərbaycanda Konstitusiya Günü qeyd edilir

Noyabrın 12-də Azərbaycanda Konstitusiya Günü qeyd edilir.

Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olnmuş Konstitusiyası müstəqil Azərbaycanın ilk Konstitusiyası idi.

Məlum olduğu kimi, 1918-1920-ci illərdə 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas Qanununu qəbul edə bilməmişdi. Beləliklə, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun tarixi əsasən SSRİ-nin tərkibində olduğu dövrə düşür.

Azərbaycanın birinci Konstitusiyası 1921-ci il mayın 19-da I Ümumazərbaycan Sovetlər qurultayında qəbul edilib. Azərbaycan SSR Konstitusiyasının 1921-ci il SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası 1925-ci il martın 14-də II Ümumazərbaycan Sovetlər qurultayında qəbul olunub. Azərbaycan SSR-in 1978-ci ilin aprelin 21-də qəbul edilmiş son Konstitusiyası da əvvəlki Konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılmış şəkildə idi.

Azərbaycan müstəqillik əldə etdikdən sonra yeni Konstitusiyanın hazırlanması zərurəti yarandı. Bunun üçün prezident Heydər Əliyev başda olmaqla xüsusi komissiya yaradılmış, Konstitusiya layihəsi ümumxalq müzakirəsinə verilmişdi. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə Müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul olunub.

Müstəqil Azərbaycanın ilk Konstitusiyası Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoyub. Azərbaycanın yeni Konstitusiyası 5 bölmə, 12 fəsil və 158 maddədən ibarətdir.

Qeyd edək ki, 2006-cı ildən etibarən bayram istirahət gününə düşürsə, o zaman növbəti iş günü qeyri-iş günü sayılır. Bununla əlaqədar noyabrın 13-ü Azərbaycanda qeyri-iş günü olacaq.

Xəbər lenti

Xəbər lenti