Bolqarıstan Xalq Yığıncağı sədrinin Azərbaycana rəsmi səfəri ərəfəsində "Trend"in bu ölkənin Bakıdakı fövqəladə və səlahiyyətili səfiri İvan Palçevlə eksklüziv müsahibəsi
- Bu həftə Bolqarıstan Xalq Yığıncağının sədri Georgi Pirinskinin Azərbaycana rəsmi səfəri planlaşdırılır. Azərbaycan tərəfi ilə danışıqların gündəliyinə hansı mühüm məsələlər daxildir?
- Bolqarıstan Xalq Yığıncağının sədri Georgi Pirinski Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası Baş Assambleyasının iclasında iştirak etmək üçün noyabrın 22-də Bakıya gələcək. İclasın gedişində QİƏT-də sədrlik Bolqarıstana keçəcək. QİƏT-in iclası başa çatan kimi isə noyabrın 24-25-də Bolqarıstan Xalq Yığıncağı sədrinin Azərbaycana rəsmi səfəri başlayacaq.
Bolqarıstan parlamentinin spikerini tərkibinə ölkə parlamentinin bütün fraksiyalarının və hökumət üzvlərinin daxil olacağı nümayəndə heyəti müşayiət edəcək. Səfər proqramına Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarov, baş nazir Artur Rəsizadə və əlbəttə, prezident İlham Əliyevlə görüşlər daxildir. Səfər çərçivəsində Georgi Pirinski Bakı Slavyan Universitetinə baş çəkəcək, Bolqarıstan Mədəniyyət Mərkəzinin fəaliyyəti ilə tanış olacaq, universitetin tələbə və müəllim kollektivi ilə görüşəcək.
Bolqarıstan parlament idarə üsullu dövlətdir və hakimiyyətin ali orqanı parlamentdir. Bütün hakimiyyət orqanları parlamentə tabedir. G.Pirinski parlament sədri kimi geniş səlahiyyətlərə malikdir və o, Azərbaycan tərəfi ilə həm ikitərəfli, həm də regional və beynəlxalq xarakterli əməkdaşlıq məsələlərini müzakirə etməyi planlaşdırır.
- Yanvarın 1-dən Bolqarıstan Avropa Birliyinə daxil olur. Bu, Azərbaycanla ikitərəfli münasibətlərdə nə kimi rol oynaya bilər?
- Həqiqətən də, yanvarın 1-dən Bolqarıstan Avropa Birliyinə daxil olur. AB-nin tələblərinə görə, təşkilata üzv olan bütün ölkələr öz qanunvericiliklərini AB-nin tələblərinə uyğunlaşdırmalıdır. Bu gün Azərbaycan və Bolqarıstan arasında müqavilə-hüquqi baza 28 sənəddən ibarətdir. Bu sənədlərə yenidən baxılacaq və onlar AB-nin tələblərinə uyğunlaşdırılacaq. Paralel olaraq, əməkdaşlığın müxtəlif sahələrini əhatə edən yeni ikitərəfli sazişlər paketi hazırlanır.
Mən bir səfir kimi siyasi əlaqələrin inkişafından razıyam. Səfirliyin fəaliyyət göstərdiyi 3 il ərzində nazirlik, idarə, parlament başçıları və prezidentlər səviyyəsində müxtəlif səfərlər həyata keçirilib.
Ancaq iqtisadi əlaqələr hər iki ölkənin malik olduğu potensiala tam cavab vermir. Ötən il Bolqarıstan və Azərbaycan arasında mal dövriyyəsi cəmi $6-8 mln. təşkil edib.
Mən hər iki ölkənin işgüzar şəxsləri ilə dəfələrlə söhbət edərək, onları bu ölkələrə dəvət etmiş və məsləhətlər vermişəm. Ancaq onların biznesə marağı hər şeylə maraqlanan turistin marağından uzağa getməyib. Bunun da öz səbəbləri var. İlk növbədə, qarşılıqlı əlaqələrin inkişafına Bakı və Sofiya arasında birbaşa aviareyslərin olmaması mane olur. Gələn il Bakı-Varna çarter reysinin açılması, turizmin inkişafının sınaqdan keçirilməsi planlaşdırılır. Ümid edirəm ki, bu qarşılıqlı skeptisizm artıq Bolqarıstanın AB-yə daxil olması ilə əks istiqamətdə hərəkət edəcək və iş adamlarının qarşılıqlı faydalı əməkdaşlığına təkan verəcək.
- Bolqarıstan və Azərbaycanın enerji sahəsində əməkdaşlıq perspektivlərini necə qiymətləndirirsiniz? Bu əməkdaşlığın hansı perspektiv istiqamətlərini qeyd etmək olar?
- 12 il ərzində Bolqarıstan, Rusiya və Yunanıstan arasında Burqas-Aleksandrupolis neft boru kəmərinin inşası ilə bağlı danışıqlar aparılıb. Nəhayət, bir ay əvvəl 3 prezident görüşüb və müvafiq sənədi imzalayıb. Bu kəmərlə təkcə Rusiya nefti deyil, həm də Bakı-Novorossiysk boru kəməri ilə RF-yə daxil olan Azərbaycan nefti idə nəql olunacaq. Hazırda qazın Ərzurumdan Türkiyə-Bolqarıstan-Rumıniya-Macarıstan-Avstriya marşrutu ilə nəqli layihəsinin işlənməsi prosesi gedir. Gələn ildən etibarən boru kəmərinin inşasına başlanılır və düşünürəm ki, 2011-ci ildə qaz Bolqarıstana da çatacaq.
- Bolqarıstanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi necədir?
- Bolqarıstanın Dağlıq Qarabağ məsələsi ilə bağlı mövqeyi dəyişməzdir və bu mövqedə ən başlıcısı odur ki, Bolqarıstan Dağlıq Qarabağın həmişə Azərbaycanın tərkibində olması və ölkə prezidenti İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz müqəddəratını təyin etmə üzrə ən yüksək status ala bilməsi ilə bağlı tezisin tərəfdarıdır.
Düşünürəm ki, münaqişə tərəfləri də tədricən bu mövqeyə meyl edəcək.