"QİƏT PA regionda sülh və sabitliyin bərpasında mühüm rol oynaya bilər". Trend in xəbər verdiyi kimi, bu barədə Azərbaycan prezidenti İlham Əliyevin bu gün Bakıda QİƏT PA Baş Assambleyasının 28-ci plenar iclasının iştirakçılarına göndərdiyi məktubda deyilir.
Məktubda bildirilir ki, müasir dünyada sülh və sabitliyin təmin olunmasında regional əməkdaşlığın rolu tədricən artır. Bu baxımdan Azərbaycan prezidenti QİƏT PA çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın möhkəmlənməsinə böyük əhəmiyyət verir. İlham Əliyev hesab edir ki, transmilli layihələr təşkilatların inkişafına kömək edir.
Məktubda qeyd olunur ki, regionda mövcud münaqişələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsi bütün regionun inkişafına mane olur. Dövlət başçısı əmin olduğunu bildirir ki, QİƏT PA çərçivəsində aparılan siyasi dialoq regionda sülhün və sabitliyin möhkəmlənməsinə şərait yarada bilər.
QİƏT PA Baş Assambleyasının iclası Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədovun sədrliyi altında keçir. Baş Assambleyanın birinci günü Assambleyanın işçi orqanları - Büro və Daimi Komitə görüşüb. Onlar, əsasən QİƏT PA-nın 2006-cı ilin II yarısında fəaliyyətini nəzərdən keçirəcək.
QİƏT PA-nın iclasını açan Oqtay Əsədov region ölkələri arasında əməkdaşlığın möhkəmlənməsində təşkilatın böyük rolunu qeyd edib. O, bu regionda mövcud münaqişəli vəziyyətlərin mənfi rolunu təəssüflə qeyd edib və əmin olduğunu bildirib ki, bu münaqişələr beynəlxalq prinsiplər çərçivəsində həll olunacaq.
Plenar iclasda əsas müzakirə mövzusu "QİƏT-in fəaliyyətinin səmərəliliyinin artırılması yolları" ilə bağlıdır. Assambleya payız iclaslarında QİƏT PA-nın ixtisaslaşdırılmış komitələri tərəfindən hazırlanmış məruzə və tövsiyələrlə bağlı müzakirələr aparacaq. "Alternativ enerji mənbələri və onların Qara dəniz regionunda mümkün tətbiqi" ilə bağlı məruzə QİƏT PA-nın iqtisadi, ticari, texnologiya və ekologiya məsələləri üzrə Komitəsi adından Bülənt Tanla (Türkiyə) tərəfindən təqdim olunub. Mirça Çopraqa (Rumıniya) QİƏT PA-nın hüquqi və siyasi məsələlər üzrə Komitəsinin "İntellektual mülkiyyətin qorunması üzrə qanunverici bazanın möhkəmləndirilməsi" mövzusunda məruzə təqdim edəcək. QİƏT PA-nın Mədəniyyət, Təhsil və Sosial məsələlər üzrə Komitəsinin "Mədəni müxtəliflik üçün potensial təhlükə və qloballaşma prosesi" adlı məruzəsi Olqa Seliverstova (Rusiya) tərəfindən təqdim olunacaq.
Daha sonra Assambleya bu məsələlərlə bağlı QİƏT ölkələrinin parlament və hökumətlərinə ünvanlanmış tövsiyələri təsdiqləyəcək. Assambleya üzvləri Parlament Assambleyasının fəaliyyəti barədə hesabatı dinləyəcək və QİƏT PA sədrinin müavinini seçəcək.
Bakı sessiyasının sonunda Bolqarıstan Respublikası Xalq Yığıncağının sədri Georgi Pirinski QİƏT PA-da sədrliyi 2007-ci ilin iyununadək 6 aylıq müddətə qəbul edəcək. Növbəti Baş Assambleya 2007-ci ilin iyununda Sofiyada keçiriləcək.
Bakı sessiyasında QİƏT PA ölkələrinin parlament nümayəndə heyətləri, QİƏT Daimi Beynəlxalq Katibliyinin baş katibi, o cümlədən QİƏT ailəsinin Qara Dəniz Beynəlxalq Araşdırmalar Mərkəzi, Qara dəniz Universitetləri şəbəkəsi və QİƏT- URTA kimi digər təşkilatlar iştirak edir. Müşahidəçilər və qonaqlar arasında Fransa Milli Yıığıncağı və Senatı, İsrail Dövlət Knesseti, Avropa Komissiyası, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, Belarus Respublikası Milli Yığıncağı, MDB Parlamentlərarası Assambleyası, Belarus və Rusiya Parlament Yığıncağı İttifaqı, Avrasiya İqtisadi Komitəsinin Parlamentlərarası Yığıncaq və İKT-nin üzv dövlətlərinin Parlament İttifaqı nümayəndələri iştirak edir.
Xatırladaq ki, 1993-cü ildə QİƏT-in parlament ölçüsü kimi yaradılmış Assambleya təşkilata üzv 12 ölkənin - Azərbaycan, Türkiyə, Bolqarıstan, Rumıniya, Serbiya, Rusiya, Albaniya, Gürcüstan, Ermənistan, Moldova, Yunanıstan və Ukrayna parlamentlərinin üzvlərini birləşdirir. Misir Xalq Yığıncağı, Fransa Parlamenti, Alman Bundestaqı, İsrail Dövlət Knesseti, Slovakiya Milli Şurası və Belarus Milli Yığıncağı QİƏT PA-da müşahidəçi statusuna malikdir.
Qeyd edək ki, Ermənistan sessiyada təmsil olunmayıb.