Ailə, qadın və uşaq problemləri üzrə Dövlət komitəsi, eləcə də AR İnsan haqları institutu nüfuzlu beynəlxalq təşkilatlara və dünya xalqlarına Azərbaycan torpaqlarının azad olunmasına, işğalın dayandırılmasına yardım etmək çağırışı ilə müraciət edib. Trend xəbər verir ki, bu barədə bu təşkilatların birgə bəyanatında deyilir. Bəyanatda göstərilir ki, beynəlxalq təşkilatlar öz işlərini fəallaşdırmalı və Ermənistan rəhbərliyini beynəlxalq qanunlara hörmət etməyə məcbur etməlidirlər.
Bu problemə həmin təşkilatların təşkil etdiyi dəyirmi masa həsr olunub. Bura Ədliyyə Nazirliyinin nümayəndələri, Milli Məclisin deputatları, Əsir düşmüş, girov götürülmüş və itkin düşmüş vətəndaşlarla iş üzrə Dövlət Komissiyasının (DK) rəhbərləri dəvət olunub. Toplaşanların diqqətinə Azərbaycana qarşı erməni təcavüzü nəticəsində əsir və itkin düşmüşlərin sayı haqqında son məlumatlar çatdırılıb.
Dövlət Komissiyasının sədri Firidun Sadıqov bildirib ki, onlara əsirlikdən qayıtmış insanlardan daxil olmuş yeni məlumatlara əsasən və digər mənbələrlə onlarda olan siyahılara yenidən baxıblar. 2005-ci ilin yanvar ayından Dövlət komissiyasının siyahılarında 1535 yeni ad əmələ gəlib. Onlardan 433 nəfər itkin düşəndən 190 nəfər sağ qalıb, digər ölkələrdə yaşayır və işləyirlər, qalanları müharibədə həlak olub. 145 ad digər siyahılarda da təkrarlanır və ona görə də itkin düşənlərin siyahısından çıxarılıb.
F.Sadıqov həmçinin bildirib ki, DK əsir və itkin düşənlərin problemləri ilə məşğul olan beynəlxalq təşkilatlarla, ilk növbədə - Beynəlxalq Qırmızı Xaçla işi gücləndirib. Lakin F.Sadıqov hesab edir ki, həlak olan, əsir və itkin düşmüşlər haqqında bütün həqiqət yalnız bütün Azərbaycan torpaqlarının azad olunmasından sonra məlum olacaq.
F.Sadıqov itkin və əsir düşmüşlər və ya Qarabağ müharibəsində həlak olanlar haqqında informasiyaya malik Azərbaycan vətəndaşlarına müraciət edib ki, onlar günün istənilən vaxtı Dövlət Komissiyasına müraciət etsinlər.