...

Salyanda "həyat yumurtası" 2 dəfə bahalaşıb

Siyasət Materials 30 Noyabr 2006 13:19 (UTC +04:00)

Ərazisində köçəri çöl quşlarının daha çox qışladığı Salyan rayonunun 3 sakini ötən il "quş qripinə" yoluxaraq dünyasını dəyişmişdi. Ona görə də təhlükəli virusa yoluxma ehtimalının çox olduğu rayonlardan biri Salyan olaraq qalır. Bu səbəbdən də "quş qripi" təhlükəsi mövsümün başlanması ilə əlaqədər yerli sakinlər quş əti və quş məhsullarından daha ehtiyatla istifadə etməyə başlayıblar. Vəhşi çöl quşlarının ətini yeməyə adət etmiş kəndlərin əhalisi isə xəstəliyə tutulma ehtimalından qorxaraq bu vərdişlərindən imtina ediblər.

Bazarlarda və yol kənarlarında isə nəinki çöl, hətta ev quşlarının da satışına rast gəlinmir. Amma bazarlara şəxsi təsərrüfatlardan gətirilən yumurtanın qiyməti son 15 gündə 10-12 qəpikdən 18-20 qəpiyə qalxıb. Mağazalarda satılan quşçuluq fabriklərinin istehsal etdiyi yumurtaların qiyməti isə artmayıb, 12 qəpikdir.

Xatırladaq ki, "həyat yumurtası" deyilən şəxsi təsərrüfat məhsulları ilə fabrik yumurtası arasında fərq heç vaxt 2-3 qəpikdən çox olmayıb. İndi isə bu rəqəm birdən-birə 3 dəfə artıb. Kənd təsərrüfatı nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin Salyan şöbəsinin baş həkimi Məhəmməd Həsənovun dediyinə görə, təhlükəli mövsumun başlanması ilə əlaqədar hər ay rayonda ev və çöl quşları arasında 2 dəfə sero-monitorinq keçirilib.Bu məqsədlə rayondakı laboratoriyaya da müasir avadanlıqlar gətirilib. Rayon icra hakimiyyəti ilə razılaşmaya əsasən bazarlarda və mağazalarda yalnız baytarlıq şəadətnaməsi olan quş məhsullarının satılmasına icazə verilir. "Həyat yumurtası"nın qiymətinin belə kəskin artımını isə baş baytar onun kütləvi şəkildə Bakıya daşınması ilə izah edib bildirdi ki, paytaxt əhalisi bu yumurtaları yeməyə daha çox üstünlük verdiyindən və qəfil soyuqların düşməsi ilə əlaqədar ev toyuqlarının yumurtlaması azaldığından tələbat təklifi üstələyib. Bu vəziyyət marta gədər davam edə bilər.

Xəbər lenti

Xəbər lenti