...

Vəfa Quluzadə: "Ötən il Azərbaycan üçün çox gərgin olub"

Siyasət Materials 7 Dekabr 2006 15:30 (UTC +04:00)

Ötən il Azərbaycan üçün çox gərgin olub. Bu barədə Trendə Xəzər bölgəsinin Siyasi Tədqiqatlar Fondunun prezidenti Vəfa Quluzadə xəbər verib.

Onun sözlərinə görə, Azərbaycan bir tərəfdən, "bizi öz basqısı ilə əzmək", Gürcüstan, Ukrayna və Belorusiya ilə ikitərəfli əməkdaşlığımızın inkişafına mane olmaq istəyən Rusiya tərəfinin təzyiqi altında olub. "Axı Azərbaycanın bu ölkələrlə iqtisadi əməkdaşlığı əsasən energetika sahəsində bu dövlətləri Rusiyanın təsirindən çıxarır. Azərbaycan onun hədələrinə baxmayaraq, öz partnyorları ilə birgə Bakı-Axalkalaki - Qars dəmiryolunu tikəcək, Odessa-Brodı neft kəmərinin işə düşməsinə imkan yaradacaq"-deyə V. Quluzadə hesab edir. Digər tərəfdən, onun fikrincə, Azərbaycan NATO-nun təzyiqinə məruz qalıb. "Bizim ölkəmiz NATO ilə Rusiya arasında "manevr, manevr, yenə də manevr" taktikası qoruyaraq balans siyasəti aparıb. Ona görə də Qərb və "bizim keçmiş ağamız" Azərbaycandan öz istiqamətlərini müəyyənləşdirməyi tələb edirlər. Qərb istəyir ki, Azərbaycan xarici siyasətini Gürcüstan kimi aparsın. Rusiya isə enerjidaşıyıcılarının qiymətini qəbuledilməz səviyyəyə çatdırır, azərbaycanlıları Rusiyadan qovur, Ermənistanın

Azərbaycana olan təcavüzünün həllini ləngidir. Rusiya hesab edir ki, əgər bu münaqişə həll olunmamış qalsa, Azərbaycan NATO-ya daxil olmayacaq"- deyə politoloq qeyd edib.

V.Quluzadənin fikrincə, Rusiya ilə hesablaşmamaq olmaz, çünki o, bölgədə ən böyük oyunçudur. "Eyni zamanda bölgədə yeni oyunçular peyda olub - ABŞ və NATO. Onlar artıq Latviya, Litva, Estoniya və Gürcüstanın NATO-ya qəbul olunmasını qətiyyətlə bəyan edirlər. Bu vəziyyətdə Azərbaycan da NATO-ya üzv ola bilər"- deyə o vurğulayıb.

Ermənistanda parlament və prezident seçkilərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına təsiri məsələsinə toxunaraq V.Quluzadə söyləyib ki, tamamilə Rusiyanın nəzarəti altında olan Ermənistanın özündən heç nə asılı deyil. "Hətta Azərbaycan öz torpaqlarına olan hüququndan əl çəksə belə, Ermənistan Rusiyanın razılığı olmadan bizimlə əlaqələr qura bilməz. Ona görə də Ermənistanda hakimiyyətə kimin gələcəyi bizi narahat etməməlidir. O, bölgədə heç nəyi həll etmir. Dövlət Dumasının spikeri Qrızlov demişkən, Ermənistan Rusiyanın for-postudur"- deyə politoloq əlavə edib.

Xəbər lenti

Xəbər lenti