...

Mətbuat Şurasının sədri Ə.Amaşov: "Çalışırıq ki, nəhayət, jurnalistlər üçün mənzil tikintisi ənənəsinin təməli qoyulsun"

Siyasət Materials 11 Dekabr 2006 11:41 (UTC +04:00)
Mətbuat Şurasının sədri Ə.Amaşov: "Çalışırıq ki, nəhayət, jurnalistlər üçün mənzil tikintisi ənənəsinin təməli qoyulsun"

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Trend Agentliyinə müsahibə verib

- Əflatun müəllim, dekabrın 23-də keçiriləcək Azərbaycan Jurnalistlərinin IV qurultayının gündəliyi və əlavə olaraq hansı məsələlərin müzakirə ediləcəyi barədə məlumat verərdiniz.

- Qurultayda Mətbuat Şurasının və Nəzarət-Təftiş Komissiyasının sədrləri ötən ali məclisdən bəri görülmüş işlər barədə hesabat verəcəklər. Cari məsələlərin nə olacağını isə auditoriya müəyyənləşdirəcək. Qurultay iştirakçılarının təklifi əsasında hər hansı bir məsələ müzakirəyə çıxarıla bilər. Ümumiyyətlə, bu dəfəki qurultay daha çox hesabat xarakterli tədbir olacaq. Amma buna baxmayaraq, əminəm ki, qurultayda medianın indiki durumu ilə bağlı heç bir mövzu müzakirədən kənarda qalmayacaq.

Qurultayda iştirak üçün jurnalist təşkilatları, gündəlik qəzetlər və informasiya agentliklərinin hər birindən 2 nəfər, həftəlik, aylıq nəşrlərdən 1 nəfər dəvət olunacaq. Həmçinin qurultaya qonaqlar, dövlət qurumlarının nümayəndələri dəvət ediləcək.

- Yəqin ki, Şura bu qurultaya həm də konret təkliflərlə gedir. Jurnalistlərin, mətbuat orqanlarının iqtisadi problemlərinin həlli üçün Mətbuat Şurası hansı təklifləri verə bilər?

- Bu barədə qurultaydan əvvəl mənim və həmkarlarımın təklifləri səslənib. Yəqin ki, ali məclis bunları yığcamlaşdıracaq. Hansının həllinə daha real imkanlar var, onların üzərində dayanmalıyıq. Belə bir sənəd Mətbuat Şurasının Katibliyində də hazırlanıb. Məqsəd KİV-lərin özünümaliyyələşdirimə sistemi formalaşana qədər onlar üçün Dövlət proqramının həyata keçirilməsidir. Burada dəstək formaları həm maliyyə, həm də təşkilati tərəfləri nəzərdə tutur. Reklam bazarının genişləndirilməsi əsas şərtlərdən biri kimi göstərilir. Məsələn, mediaya reklam sifarişçilərinin bu məsələdə əlavə dəyər vergisindən (ƏDV) azad olunması təklif edilir, KİV-lərin inkişafı üçün dövlət qrantlarının ayrılması nəzərdə tutulur. Kəsə desək, məqsəd medianın iqtisadi cəhətdən müstəqilliynə nail olmaqdır. Belə bir məkanın mövcudluğu onun ünvanına olan əksər narazılıqları tezliklə aradan qaldıra bilər. Çünki iqtisadi cəhətdən azad olmayan mətbuatdan müstəqil mövqe gözləmək çətindir.

- Ehtiyacı olan jurnalistlərin mənzillə təmin edilməsi üçün Mətbuat Şurası hökumətə konkret proqram və ya təkliflər verəcəkmi?

- Bu, çox ağrı-acılı məsələdir. Jurnalistlərimizin ağır iqtisadi durumu onların sosial məsələlərinə də ciddi surətdə mənfi təsirini göstərməkdədir. Bəlkə də hər beş jurnalistdən dördü bu gündədir. İş yerlərində əmək müqavilələri yoxdur, zəhmətlərindən qul kimi istifadə olunur, maaşları, qonorarları kəsilir, jurnalistlər məzuniyyət, müalicə, istirahət nə olduğunu unudublar. Üstəlik də mənzilsizlik. Bu vəziyyətdə aydan-aya qalxan kirayə haqqı... Bir çox gənc jurnalistlərimiz məhz mənzil probleminə görə ailə qura bilmir. Elə jurnalistlər var ki, ailələrində 10 nəfər bir evdə, özü də kirədə yaşayırlar. Jurnalistlərin maddi durumları da çox aşağı səviyyədədir.

Bir sözlə, problem çoxdur. Çıxış yolu isə biz fikirləşdiyimizdən də mürəkkəbdir. Hər sahədə maaşlar artır, amma müstəqil və partiyalı mətbuatda on-on beş il əvvəl vəziyyət necə idisə, elə də qalıb.

Problemin həlli Şuranın daim diqqətindədir. Şəxsən mən rəsmi dairələrlə bütün görüşlərimdə bu məsələ barədə müzakirələr aparıram. Həmkarlarımızın yaratdıqları mənzil tikinti kooperativinin üzvləri ilə də, demək olar, hər həftə görüşürəm. Çalışırıq ki, müəyyən maneələr aradan qaldırılsın, jurnalistlər üçün, nəhayət, mənzil tikintisi ənənəsinin təməli qoyulsun. Bilirəm ki, bu məsələ də mütləq qurultayda müzakirə ediləcək.

- Qurultayda dövlət başçısına müraciət ediləcəkmi? Ümumiyyətlə, jurnalistlərin prezidentlə görüşü üçün müraciət olunması, dövlət orqanlarına təkliflər verilməsi kimi məsələlər planlaşdırılırmı?

- Bəli, belə bir müraciət çoxdan gündəmdədir. Zənn etməyin ki, yubadırıq. İstəyirik ki, təkliflər həmkarlarımızın özündən gəlsin, müzakirə olunduqdan sonra müraciətə daxil edilsin. Bilirsiniz, hər kiçik məsələyə görə ölkə prezidenti ilə görüşmək heç də etik hal deyil. Belə tədbirə qlobal məsələlərin həlli məqsədi ilə qatılmalıyıq ki, səmərəsi uzun müddəti əhatə etsin.

Bir az əvvəl mətbuatın iqtisadi durumundan söhbət açdım, keçid dövrü üçün yardım formalarından danışdım. Bax, bu məsələlər yalnız ali dərəcədə həllini tapa bilər.

- Müxalifət mətbuatı son zamanlar ölkədə söz azadlığının boğulmasından, azad mediaya qarşı təzyiqlər göstərilməsindən çox şikayətlənir. Mətbuat Şurasının bu məsələdə mövqeyi nədən ibarətdir və iqtisadi problemlərlə yanaşı, məsələnin siyasi tərəflərinin də həllini tapması üçün Şura hansı işləri görə bilər?

- Şəxsən mən mediadakı bütün problemlərin cəmiyyətin siyasiləşməsindən qaynaqlandığı qənaətindəyəm. Bu proses lazım olduğu müstəvidən çox kənara çıxıb. Və medianı da buxovlarına alıb. Görünür, Mətbuat Şurası 2003 və 2005-ci illərdə olduğu kimi siyasi qurumları və onların təbliğat ruporu rolunu oynayan mətbuat vasaitələrini yenidən bir araya gətirib müzakirələrə başlamalıdır. Təşəbbüsümüz lazımı effekti versə, yəni siyasi müstəvidə gərginliyi aradan qaldıra bilsək, əminəm ki, media da ciddi problemlərlə qarşılaşmaz.

- "Azadlıq" qəzeti, "Turan" Agentliyi, "ANS"-lə bağlı problemlərin fəal şəkildə gündəmdə olduğu vaxtlarda Mətbuat Şurası laqeydlikdə, fəaliyyətsizlikdə günahlandırıldı.

- Belə düşünmək insafsızlıqdır. Redaksiyaların yerlərindən çıxarılması ilə bağlı məsələ Mətbuat Şurasının İdarə Heyətində müzakirə olunub. Hacı Sabir, Qulu Məhərrəmli və Vüqar Səfərlidən ibarət xüsusi komissiya bununla əlaqədar Prezident Aparatında, Dövlət Əmlakının Özəlləşdirilməsi üzrə Dövlət Komitəsində, KİV-lərin özlərində görüşlər keçiriblər. Məqsəd məsələnin tənzimlənməsi, tərəfləri qane edən variantların müəyyənləşdirilməsi olub. İstəmişik ki, "Xaqani -33"dəki KİV-lər prosesdən zərər çəkmədən çıxsınlar. 1 saylı İqtisad Məhkəməsinə də Mətbuat Şurası adından müraciət ünvanlamışıq ki, qərar çıxararkən onların binada qalmalarına diqqət yetirilsin.

ANS-lə bağlı fikirlərimizdə də oxşar mövqe ifadəsini tapıb. Amma ANS rəhbərliyinin məsələni siyasiləşdirmədən həllinə cəhdlərini daha məqbul variant saymışıq. Guman edirəm ki, ANS seyrçilərinin intizarı uzun çəkməyəcək. İstəməzdim ki, gələcəkdə də hər hansı bir konfliktli situasiyaya siyasi don geydirilsin. Hələ indiyədək medianın bu müstəvidən xeyir götürdüyünü görməmişəm.

- Mətbuat Şurasının bugünkü imkanları və səlahiyyətləri sizi qane edirmi?

- Qətiyyən. Ofis məsələmiz həll olunub, yəqin ki, tezliklə köçəcəyik. Qurumun özünün maddi imkanlarının azlığı geniş fəaliyyət göstərməyimizi məhdudlaşdırır. Düşünürəm ki, Mətbuat Şurası yeni səlahiyyətlərə də ehtiyac duyur. Görək qurultayda jurnalistlərimiz buna razılıq verəcəklərmi?

- İcazə verin qurultaydakı hesabatınızı bir qədər qabaqlayaq, Mətbuat Şurasının son bir illik fəaliyyətini qısa olaraq necə qiymətləndirirsiniz?

- Hesabat bizim, qiymət sizindir. Heç bir sirr yoxdur. Qurum təşkilatlanmadan keyfiyyət dəyişiklikləri dövrünə qədəm qoyduğu bir ildə nələri həyata keçiribsə, hamısını dinləyib təhlil edəcəksiniz.

Xəbər lenti

Xəbər lenti