...

Dövlət Komitəsinin sədri N.İbrahimov: "Rusiyada yeni miqrasiya qanunu qüvvəyə mindikdən sonra bu ölkədəki azərbaycanlılar çox böyük problemlərlə üzləşməyəcəklər"

Siyasət Materials 12 Dekabr 2006 12:50 (UTC +04:00)
Dövlət Komitəsinin sədri N.İbrahimov: "Rusiyada yeni miqrasiya qanunu qüvvəyə mindikdən sonra bu ölkədəki azərbaycanlılar çox böyük problemlərlə üzləşməyəcəklər"

"Rusiyada miqrasiya ilə bağlı yeni qanun və prezidentin sərəncamı qüvvəyə mindikdən sonra bu ölkədə yaşayan azərbaycanlılar o qədər də böyük problemlərlə üzləşməyəcəklər". Trend in məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bildirib.

O qeyd edib ki, Rusiyada yeni qanunun qəbulundan sonra Azərbaycan prezidenti Rusiyada soydaşlarımızın yaşayışının, fəaliyyətinin leqallaşdırılması üçün tədbirlər görülməsinə dair müvafiq sərəncam verib, Dövlət Komissiyası yaradıb: ""Rusiya Federasiyası ərazisində ticarətlə məşğul olan Azərbaycan vətəndaşlarının problemlərinin həlli haqqında" Azərbaycan Respublikası prezidentinin 22 noyabr 2006-cı il tarixli sərəncamından irəli gələn məsələləri həlli etmək üçün Rusiyada səfərdə olduq. Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinlə görüş keçirdim, Rusiya hökumətinin 15 noyabr 2006-cı il tarixli qərarı ilə bağlı müzakirələr aparıldı. Qriqori Karasin bildirdi ki, hökumətin sözügedən qərarı Rusiya Federasiyası ərazisində yaşayan azərbaycanlılara və digər miqrantlara qarşı yönəlməyib. Bu qərarın əsas məqsədi Rusiya Federasiyası ərazisində miqrasiya prosesini tənzimləməkdən və qanuni çərçivəyə salmaqdan ibarətdir"-deyə N.İbrahimov qeyd edib.

O əlavə edib ki, Rusiya Federasiyası hökumətinin qərarı ilə 2007-ci il yanvarın 15-dən ölkə ərazisində miqrantların ticarətlə məşğul olmasına məhdudiyyətlərin tətbiq edilməsi ilə əlaqədar bu ölkədə məskunlaşmış soydaşlarımızın problemlərinin həlli məqsədilə operativ qərargahlar yaradılacaq. Dövlət Komitəsinin nümayəndələri də tez-tez Rusiyanın azərbaycanlıların kompakt yaşadıqları vilayətlərinə səfərlər edəcəklər.

N.İbrahimovun sözlərinə görə, yanvarın 15-dək Rusiyada yaşayan bütün azərbaycanlıların qeydiyyat problemlərini tam həll etmək mümkün deyil: "Təbii ki, olar bilər, müəyyən qrup insanlar Rusiyadan çıxarılsın. Biz onları ölkəmizdə qəbul etməyə hazırıq. Amma problemlərin yoluna qoyulması üçün qısa müddətdə operativ qərargahlar yaradılacaq. Soydaşlarımızın qeydiyyat problemlərini həll etmək, onlara hüquqi yardımlar göstərmək üçün hüquq firmalarını da bu işə cəlb etmişik"-deyə Komitə sədri məlumat verib.

Xəbər lenti

Xəbər lenti