...

Milli Məclis sədrinin müavini Bahar Muradova: "Yeni Azərbaycan Partiyasının qurultaya hazırlaşması haqqında deyilənlər həqiqətə uyğun deyil"

Siyasət Materials 26 Dekabr 2006 16:31 (UTC +04:00)

Yeni Azərbaycan Partiyasının (YAP) fövqəladə qurultayının və ya yaxın vaxtlarda qurultayının keçirilməsi nəzərdə tutulmayıb. Trend in məlumatına görə bu sözləri jurnalistlərə verdiyi açıqlamada Milli Məclis sədrinin müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova deyib.

"Yeni Azərbaycan Partiyasının Nizamnaməsinə əsasən dörd ildən bir partiyanın qurultayının, iki ildən bir isə rayon və şəhər təşkilatlarının hesabat-seçki konfranslarının keçirilməsi nəzərdə tutulub."

Onun sözlərinə görə, hazırda hakim partiyanın rayon və şəhər təşkilatlarında iki ilə yekun vuran hesabat konfransları keçirilir. "Burada qurultaya hazırlıq nəzərdə tutulmayıb. Həmin konfransların sənədləri ilə tanış olsanız, görərsiniz ki, rayon və şəhər təşkilatlarında keçirilən konfranslarda qurultaya nümayəndələr seçilməyib."

Xatırladaq ki, hazırda YAP-ın rayon və şəhər təşkilatlarında konfranslar keçirilir. Bəzi dairələr isə iddia edirlər ki, hakim partiya fövqəladə qurultaya hazırlaşır.

Qeyd edək ki, YAP 1992-ci ilə o vaxt Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev tərəfindən yaradılıb. Azərbaycanda 13 ildir hakim partiya olan YAP-ın indiki sədri prezident İlham Əliyevdir.

Xəbər lenti

Xəbər lenti