...

DİP-in təşkil etdiyi dəyirmi masada qiymət artımının inflyasiyaya gətirib çıxaracağı vurğulanıb

Siyasət Materials 17 Yanvar 2007 16:55 (UTC +04:00)

Demokratik İslahatlar Partiyası Tarif Şurasının ölkədə qiymətlərin artırılması ilə bağlı 6 yanvar 2007-ci il tarixli qərarının müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirib. Trend in məlumatına görə, yanvarın 17-də keçirilən tədbirdə millət vəkilləri, mütəxəssislər, ictimai və siyasi təşkilatların rəhbərləri iştirak ediblər.

DİP sədri Asim Mollazadə qiymət artımı barədə qərarının nəticələrinin aradan qaldırılması, mövcud vəziyyətdən çıxış yollarının axtarılması və əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində müvafiq proqramların hazırlanmasının vacibliyini vurğulayıb. İqtisadçı alim İnqilab Əhmədov qiymət artımının ölkədə hamının maraqlarına toxunduğunu, mövcud ab-havaya uyğun gəlmədiyini və büdcənin bundan qazanmayacağını deyib. Onun fikrincə, son vaxtlar hökumətin iqtisadi siyasətində daha çox inzibati amirlik üstünlük təşkil edir, bütün düynada maya dəyəri aşağı salındığı halda bizdə bu prosesin tərsinə gedir.

Milli Məclisin aqrar siyasət komissiyasının sədri Eldar İbrahimov qiymətlərin sabit saxlanılması üçün dövlət büdcəsində 233 milyon manat vəsaitin, həmçinin kənd təsərrüfatı sahəsinin ağırlaşmaması üçün tədbirlər görülməsinin nəzərdə tutulduğunu deyib. Onun sözlərinə görə, qiymət artımı aqrar sahələ ciddi problemlər yaratmayacaq. Parlamentin digər deputatı Vahid Əhmədov isə qeyd edib ki, hökumət qiymət artımının səbəbləri, bu sahələrdə maya dəyərin nə qədər olması barədə cəmiyyətə hesabat vermədi. Onun fikrincə, anbarlarda köhnə qiymətlə alınan malların ehtiyatı hələ qaldığından qiymət artımının ağırlığı təxminən fevral ayından başlayaraq hiss ediləcək. Subsidiyaların verilməsinin əleyhinə olduğunu deyən V.Əhmədov bildirib ki, subsidiyalar korrupsiya və rüşvətxorluğa, ümumilikdə qiymət artımı isə inflyasiyaya gətirib çıxaracaq.

Parlamentin sosial-müafiə komissiyasının sədri Hadı Rəcəbli qeyd edib ki, qiymət artımı ilə bağlı antiinflyasiya tədbirləri görülməli, ajiotaj bahalaşmanın qarşısı alınmalı, sosial müdafiə güclənməli, müavinətlər artırılmalıdır. Qiymət artımından əvvəl bu il yanvarın 1-dən sosial müafiə tədbirləri görülüdyünü deyən H.Rəcəblinin sözlərinə görə, parlamentdə 2007-ci ilin büdcəsinə yenidən baxılacaq. Deputat Gülər Əhmədova qiymət artımının hər bir ailənin büdcəsinə təsir göstərəcəyini, elektrik enerjisi sahəsində mənimsənilmə hallarının artmasına, pulların şəxsi ciblərə axmasına gətirib çıxaracağını vurğulayıb.

Xəbər lenti

Xəbər lenti