...

İlham Əliyev: Fevralın 1-dən Azərbaycanda əmək haqları və təqaüdlər artırılır

Siyasət Materials 22 Yanvar 2007 18:38 (UTC +04:00)

2006-cı ildə Azərbaycanda reallaşdırılmış proqramlar öz məqsədinə çatıb və bu tendesiya cari ildə də davam edəcək. Trend AzTV telekanalına istinadən xəbər verir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyev yanvarın 22-də Bakıda 2006-cı ilin yekunları və 2007-ci ilin planlarına həsr olunmuş müşavirədə bəyan edib.

Dövlət başçısı bildirib ki, təhsil, səhiyyə, mədəniyyət və ordu quruculuğu sahəsində keçən il həyata keçirilən islahatlar 2007-ci ildə də davam etdiriləcək. Onun sözlərinə görə, orta aylıq, eləcə də minimal əmək haqqı artırılacaq, makroiqtisadi sabitliyin dəstəklənməsi və qorunması isə yenə də diqqət mərkəzində olacaq. O qeyd edib ki, ölkənin bütün bölgələrində infrastruktur layihələri sürətli şəkildə reallaşdırılır və beləliklə ölkənin tammiqyaslı iqtisadi inkişafı təmin olunur.

Tarif şurasının enerji daşıyıcılarının qiymətinin qaldırılması haqqında qərarına dair öz fikrini bildirən İ.Əliyev vurğulayıb ki, bütün dünyada qiymətlərin qalxması Azərbaycanda da adekvat addımların atılmasını zəruri edib. Lakin ölkənin əsas siyasəti əhalinin qiymət artımından əziyyət çəkməməsindən ibarətdir və bununla əlaqədar sosial siyasət gücləndiriləcək. "Artıq fevralın 1-dən təqaüdlərin baza hissəsi və əmək haqqının minimal həcmi 50 manat təşkil edəcək. Eyni zamanda dövlət büdcəsinin maliyyələşdirdiyi təşkilatların əməkdaşlarının əmək haqqı da fevralın 1-dən etibarən artırılmalıdır. Bununla yanaşı, fevralın 1-dən bütün təhsil, səhiyyə, mədəniyyət, sosial müdafiə, elm, idman və başqa sahələrə aid müəssisə əməkdaşlarının əmək haqqı da 25% artırılacaq", - deyə prezident vurğulayıb.

İclasda maliyyə naziri Samir Şərifov, iqtisadi inkişaf naziri Heydər Babayev, vergilər naziri Fazil Məmmədov, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev, Dövlət Sosial Müdafiə fondunun sədri Səlim Müslümov çıxış ediblər.

Xəbər lenti

Xəbər lenti