"ANS rəhbərliyi müsabiqənin yekunlarına baxarkən məsələnin qanuni tərəflərini qəbul edir və qanun əsasında qərar verilməsinin tərəfdardır. Biz ANS-in bu mövqeyini alqışlayırıq". Bu fikirləri Trend agentliyinə eksklüziv açıqlamasında Milli Televiziya və Radio Şurasının rəhbəri Nuşirəvan Məhərrəmli bildirib.
O, Şuranın bu günkü iclasında ANS-in tezliyinə elan olunmuş müsabiqənin yekunlarının telekanal rəhbərlərinin də iştirakı ilə müzakirə edildiyini və səmimi şəraitdə söhbət aparıldığını vurğulayıb: "ANS-in təsisçiləri Teleradio Şurasının mövqeyini normal qarşılayır və ümumiyyətlə hər iki tərəf məsələnin qanuni yolla həllini istəyir. Sadəcə olaraq, ANS rəhbərliyi müsabiqə ilə bağlı digər amillərin də nəzərə alınmasını və bu prosesin çox uzadılmamasını xahiş etdilər. Biz onların bu müraciətini normal qarşılayırıq və vəziyyətdən çıxış yolu kimi bu müzakirələrə başlamışıq. Ümumiyyətlə, müzakirələr zamanı tərəflər bir-birinin fikirlərini anlayışla qarşıladı".
N.Məhərrəmlinin sözlərinə görə, teleradio yayımı haqqında qanunda bir sıra qeyri-müəyyənliklər var, lakin tenderlə bağlı qanunda açıq şəkilə göstərilib ki, müsabiqədə 3 nəfərdən az iştirakçı varsa, həmin müsabiqənin nəticələri ləğv olunmalıdır: "Ona görə də ANS-in tezliyinə keçirilmiş müsabiqədə yalnız bir iştirakçı (ANS şirkəti) olduğundan Teleradio Şurası nəticələrin ləğvi barədə qərar çıxara bilər. Həmçinin də müsabiqənin nəticələrinə baxıb ANS kanalına lisenziya verilə bilər. Bu barədə yekun qərar bu həftə veriləcək"-deyə Şura rəhbəri qeyd edib.