...

ADP rəhbərliyi Ağstafa təşkilatını bərpa etmək istəyir

Siyasət Materials 28 Mart 2007 14:00 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycan Demokrat Partiyasının (ADP) 180 nəfər üzvü olan Ağstafa rayon təşkilatının (RT) fəaliyyətini dayandırması qərarı ilə bağlı partiya rəhbərliyi yerli üzvləri ilə danışıqlar aparacaq. Bu barədə ADP-nin təşkilat katibi Həsrət Rüstəmov məlumat verib.

O bildirib ki, partiya rəhbərliyi Ağstafa ADP-çiləri ilə bu məsələni müzakirə edəcək və onların yenidən fəaliyyətlərini bərpa etmələrinə çalışacaq. Əgər bu, mümkün olmasa, ADP-nin Ağstafa rayonunda yeni təşkilatı yaradılacaq.

Rüstəmov bildirib ki, Ağstafa rayon təşkilatının fəaliyyətini dayandırmasına ADP-nin yeni siyasi kursu haqqında yanlış təbliğatın aparılması səbəb olub: "Rayon təşkilatının bu qərarının səhv olduğunu bildirir və təəssüflənirik. Partiyanın yeni kursunu dəstəkləməyən insanların məqsədli şəkildə yanlış təbliğat aparması və bizim yetərincə düzgün təbliğat aparmaq imkanımızın olmaması buna gətirib çıxardı".

Martın 28-də ADP-nin Ağstafa rayon təşkilatının sədri İlqar Vəliyevin imzası və təşkilatın möhürü ilə, RT-nin Məclisi tərəfindən qəbul edilən bəyanat yayılıb.

Müxalifəti təmsil edən ADP siyasi kursunda dəyişiklik etdikdən sonra "Azadlıq" blokundan çıxarılıb və partiya iki yerə - Rəsul Quliyev və Sərdar Cəlaloğlunun tərəfdarlarına bölünüb.

Xəbər lenti

Xəbər lenti