...

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin tərkibində dəyişiklik edilib

Siyasət Materials 10 Aprel 2007 16:24 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin tərkibində dəyişiklik edilib. Bu barədə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Aynur Quliyeva (Camalqızı) məlumat verib.

Nümayəndə heyətinin bitərəf üzvü Elmira Axundova Müsavat Partiyasından deputat seçilən İltizam Əkbərli ilə əvəz olunub.

Müsavat Partiyasının rəhbərliyinin AŞPA-ya və Milli Məclisə müraciət etdiyini vurğulayan deputatın sözlərinə görə, müraciətlərdə bildirilib ki, Aynur Quliyeva partiyanın üzvü deyil. Ona görə də AŞPA-da Müsavat Partiyasını təmsil edə bilməz: "Onlar təklif edirdilər ki, Nəsib Nəsibli nümayəndə heyətinin tərkibinə daxil edilsin. Milli Məclisin rəhbərliyi bu məsələyə baxıb və İltizam Əkbərli nümayəndə heyətinin tərkibinə daxil edilib."

Avropa Şurasının qaydalarına əsasən, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin əsas və əvəzedici heyətinin iki üzvü hakim partiyanın, ikisi müxalifət partiyalarının, ikisi isə bitərəflərin nümayəndələrindən (altı əsas, altı əvəzedici heyət) ibarət olmalıdır.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov başçılıq edir. Nümayəndə heyətinin tərkibinə deputatlardan Gültəkin Hacıyeva, Rafael Hüseynov, Qənirə Paşayeva, Sabir Hacıyev, Aydın Mirzəzadə, Aydın Abbasov, Əkrəm Abdullayev, Fəzail İbrahimli, Aynur Quliyeva, Əli Hüseynov daxildir.

Xəbər lenti

Xəbər lenti