...

Partiyalardan biri "Bizim Azərbaycan" blokunu tərk etdi

Siyasət Materials 20 Aprel 2007 14:56 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Müxalifətyönlü "Bizim Azərbaycan" blokunda təmsil olunan Yaşıllar Partiyası bloku tərk etdi. Bu barədə Yaşıllar Partiyasının sədri Elmar Qafarov məlumat verib.

Qafaqovun sözlərinə görə, "Bizim Azərbaycan" blokunu tərk etmələrinin əsas səbəbi qurumun "Azərbaycan yolu" hərəkatının rəhbəri İlqar Qasımovla yaxın əməkdaşlıq etməsi, onu dəstəkləməsi ilə bağlıdır.

"Bizim əməkdaşlıq etmək üçün məqsədəuyğun saydığımız partiyalar və şəxslərin siyahısında heç vaxt İlqar Qasımov olmayıb. Amma blok niyəsə İlqar Qasımovu müxalifət lideri kimi qələmə verir və onu dəstəkləməyə qərar verib. Yaşıllar Partiyası bu qərarla razılaşmır və bu xətti dəyişmək üçün təsir göstərə bilmir. Əgər blokun qərarına etirazımız heç nəyi dəyişdirmirsə, həmin qurumda qalmağımız düzgün deyil" - deyə Qafarov açıqlama verib.

Qafarov deyib ki, ona başqa siyasi qurumlara qoşulmaqla bağlı təkliflər gəlib. Biri müsavatyönlü partiyaların Məşvərət Şurası, digəri isə İslam Demokrat Partiyasının təşəbbüsü ilə yaradılacaq yeni qurumdur.

"Bizim Azərbaycan" blokunun sədri Vüqar Bəyturan Yaşıllar Partiyasının qərarından xəbərsiz olduğunu, bu qərarın Sədrlər Şurasında müzakirə edilmədiyini deyib: "Bizim Yaşıllar Partiyası ilə heç bir problemimiz yoxdur və onun qərarına da hörmətlə yanaşırıq. Blokdan çıxmağın səbəbini İlqar Qasımovla əlaqələndirmək məntiqsizdir. Çünki onun təşkilatı ilə əməkdaşlığa çoxdan başlamışıq" - deyə Bəyturan qeyd edib.

Xəbər lenti

Xəbər lenti