...

MDB hökumət başçıları Yaltada bir araya gələcəklər

Siyasət Materials 21 May 2007 15:07 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Ağayeva / Mayın 25-də Yaltada keçiriləcək MDB hökumət başçıları Şurasının iclasının hazırlığına dair protokol razılaşdırılıb. MDB İcraiyyə Komitəsi daimi nümayəndələr Şurası ilə birlikdə sözügedən toplantının gündəliyi layihəsini hazırlayıb. Artıq bu layihə toplantının reqlamenti ilə birlikdə rəy alınması üçün MDB dövlət başçıları Şurasının sədri, Tacikistanın baş naziri Akil Akilova göndərilib. Bu haqda MDB İcraiyyə Komitəsinin saytında yerləşdirilən məlumatda bildirilir.

MDB hökumət başçıları Şurasının iclasının gündəliyi layihəsində 25 məsələ yer alıb. Gündəliyə daxil olunan sənəd layihələri öncədən MDB XİN başçıları Şurası və MDB İqtisadi Şurasının iclaslarında razılaşdırılıb. Həmin məsələlər əsasən MDB üzvlərinin iqtisadiyyat, sosial siyasət, humanitar və hərbi sahədəki əməkdaşlığına, habelə qurum orqanlarının fəaliyyətinin maliyyə təminatına aiddir.

Toplantıda MDB-nin ümumi elektro-energetika bazarının yaradılması və saxta dərman preparatlarının dövriyyəsi ilə mübarizədə əməkdaşlığı nəzərdə tutan layihələr, MDB ölkələri ərazilərində quş qripinin yayılmasına qarşı kompleks tədbirlər, sülhün dəstəklənməsi üzrə kollektiv qüvvələrin fəaliyyəti ilə bağlı məsələlər, Dövlətlərarası humanitar əməkdaşlıq fondunun işinin təşkili və digər məsələlər müzakirə olunacaq.

Azərbaycanın Nazirlər Kabinetində ölkəni bu toplantıda kimin təmsil edəcəyi ilə bağlı konkret qərar hələ ki qəbul edilməyib.

Xəbər lenti

Xəbər lenti