Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Sankt-Peterburq şəhərində MDB Parlament Assambleyasının iclası və qurumun 15 illik yubileyi ilə bağlı keçirilən rəsmi və qeyri-rəsmi tədbirlər cümə günü axşam başa çatıb. Bu barədə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Nəsirov məlumat verib.
Azərbaycan parlamentinin spikeri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyanın 15 illik yubileyi ilə əlaqədar təşkil olunan kütləvi tədbirlərdə, Assambleyanın komissiya iclaslarında iştirak edib.
Spiker Əsədov Rusiya Federasiyasının Federasiya Şurasının sədri Sergey Mironovla MDB Parlamentlərarası Assambleyanın fəaliyyətinin təkmilləşdirilməsi məsələlərini müzakirə edib.
Əsədov həmçinin AŞPA-nın prezidlenti Rene Van-der Lindenlə söhbəti zamanı qarşılıqlı münasibətlər, Azərbaycan-AŞPA əməkdaşlığının gələcək perspektivlərini müzakirə edib.
Tədbirlər çərçivəsində Əsədov "Mədəniyyətlərarası və dinlərarası dialoq" mövzusunda keçirilən beynəlxalq konfransda iştirak edib. Spiker həmçinin Sankt-Peterburqda Azərbaycan diasorunun fəalları ilə də söhbətlər aparıb.
Akif Nəsirovun sözlərinə görə, Azərbaycan nümayəndə heyəti şənbə günü axşam Bakıya qayıdacaq.