...

Parlamentin komissiya sədri: "Yaradıcı şəxslər və yaradıcı təşkilatlar haqqında" ayrıca bir qanun qəbul etməyi planlaşdırırıq"

Siyasət Materials 6 İyun 2007 13:37 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyası "Kitabxana işi haqqında", "Kinemotoqrafiya haqqında" qanunlar üzərində işləyir. Bu barədə çərşənbə günü Bakıda Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının sədri, millət vəkili Nizami Cəfərov məlumat verib.

Cəfərov qeyd edib ki, rəhbərlik etdiyi komissiya bununla yanaşı, "Yaradıcı şəxslər və yaradıcı təşkilatlar haqqında" da ayrıca bir qanun hazırlayıb, qəbul etməyi nəzərdə tutur.

"Bəzən yaradıcı təşkilatları da qeyri-hökumət təşkilatları kimi təqdim edirlər və onları QHT-lərin siyahısına salırlar. Halbuki, yaradıcı təşkilatlar nə siyasi təşkilatlardır, nə də QHT-lərdəndir. Bunlar bizim mədəniyyətimizin, incəsənətimizin inkişafi üçün çox böyük rol oynayan təşkilatlardır. Ona görə də yaradıcı təşkilatlarla bağlı ayrıca qanunun olması vacibdir" - deyə komissiya sədri vurğulayıb.

Yaradıcı təşkilatlar içərisində ən tanınmışının Yazıçılar Birliyi olduğunu deyən millət vəkili hesab edir ki, qurumun cəmiyyətdə nüfuzu daha yüksəkdir. Cəfərov bildirib ki, Yazıçılar Birliyi bu və ya digər dərəcədə dövlət tərəfindən maliyyələşdirilir: "Amma güman etmirəm ki, bu maliyyələşmə Yazıçılar Birliyini təmin etsin. Bundan başqa, Bəstəkarlar İttifaqı, Teatr Xadimləri İttifaqı müəyyən qədər maliyyələşdirilir. Ancaq bu yaradıcı təşkilatların əmlakının qorunub-saxlanması, bu qurumların bütövlükdə inkişafı baxımından müəyyən maliyyə dəstəyi qanunla tənzimlənməlidir".

Komissiya sədri onu da qeyd edib ki, Milli Məclisin payız sessiyasında adıçəkilən qanunları müzakirəyə təqdim etməyi planlaşdırırlar.

Xəbər lenti

Xəbər lenti