...

Səfirin müşaviri ümid edir ki, Fransanın yeni parlamenti "erməni soyqırımı"nın inkar edilməsinə görə cəza nəzərdə tutan qanunu qəbul etməyəcək

Siyasət Materials 13 İyun 2007 15:35 (UTC +04:00)
Səfirin müşaviri ümid edir ki, Fransanın yeni parlamenti "erməni soyqırımı"nın inkar edilməsinə görə cəza nəzərdə tutan qanunu qəbul etməyəcək

Azərbaycan, Bakı /müx. Trend S.Ağayeva/ İnanıram ki, indiki seçkilər nəticəsində müəyyənləşdiriləcək Fransanın yeni parlamenti "erməni soyqırımı"nın inkar edilməsinə görə cəza nəzərdə tutan qanun layihəsini qəbul etməyəcək. Bu fikri müsahibə zamanı Fransanın Azərbaycandakı səfirliyinin birinci müşaviri Silven Gioqe ifadə edib.

Diplomatın sözlərinə görə, vaxtilə Fransa parlamentinin aşağı palatasında, Milli Assambleyada erməni xalqının 1915-1917-ci illərdə Osmanlı İmperiyasında "soyqırımı"nın inkar edilməsini cinayət kimi qiymətləndirən və buna görə bir il azadlıqdan məhrumetmə və 45 min avroluq cəriməni nəzərdə tutan qanun layihəsi müsbət rəy alanda, Fransanın sabiq prezidenti Jak Şirak və Senat bu addıma qarşı çıxış edərək bəyan ediblər ki, ermənilərin "soyqırımı"nın inkarçılığına dair qadağanın qəbuluna zərurət görmürlər və qeyd ediblər ki, Türkiyə ilə münasibətləri qiymətləndirirlər.

Gioqe ümidvar olduğunu bildirib ki, Fransanın yeni parlamenti qarşısında daha önəmli məqsəd və vəzifələr dayanacaq. Məsələn, ikitərəfli əlaqələrin möhkəmləndirilməsi, qanunvericilik bazasının təkmilləşdirilməsi və s.

Fransanın yeni prezidenti Nikolya Sarkozinin Azərbaycanla bağlı gələcək siyasətinə gəldikdə isə diplomat qeyd edib ki, Parisin Bakıya münasibəti dəyişməz olaraq qalır. "Ümid edirəm ki, o davamlı olacaq. Biz Fransanın yeni hökumətinin formalaşdırılmasından sonra Azərbaycanla əməkdaşlığın bir çox sahələr üzrə inkişafını gözləyirik" - deyən Gioqinin sözlərinə görə, ilk növbədə rəsmi şəxslərin qarşılıqlı səfərlərinin təşkili gözlənilir.

Sarkozinin Azərbaycana güman olunan rəsmi səfərinə gəldikdə isə müşavir məsələnin indiki mərhələdə nəzərdən keçirilmədiyini diqqətə çatdırıb. "Sarkozi bu yaxınlarda fəaliyyətə başlayıb. Azərbaycan və Fransa prezidentlərinin ilk təmasını gözləmək lazımdır və yalnız bundan sonra səfər barədə danışmaq mümkün olacaq" - deyə o bildirib.

Gioqe həmçinin Fransanın yeni rəhbərliyinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair mövqeyinə toxunub. O qeyd edib ki, ölkəsi problemin həlli üçün səylərini əsirgəməyəcək.

Diplomatın sözlərinə görə, ATƏT-in Minsk qrupunun fransalı həmsədri ölkənin yeni rəhbərliyini münaqişənin tarixcəsi və nizamlanma prosesi barədə məlumatlandırıb. "Mövqeyimiz ondan ibarətdir ki, həmsədrlər yalnız vasitəçilərdir, münaqişənin həlli isə tərəflərin özlərindən asılıdır" - deyə o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti