...

Komissiya sədri: Soyadların dəyişdirilməsi ilə bağlı müzakirələrə dünyada yaşayan azərbaycanlı ziyalıları cəlb etmək lazımdır

Siyasət Materials 21 İyun 2007 16:23 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Azərbaycanlıların soyadlarının sonluğunun dəyişdirilməsi barədə müzakirələrə bütün dünyada yaşayan azərbaycanlı ziyalıları cəlb etmək lazımdır. Bu barədə Milli Məclisin mədəniyyət məsələləri daimi komissiyasının sədri, professor Nizami Cəfərov cümə axşamı jurnalistlərə açıqlamasında bildirib.

Cəfərov qeyd edib ki, milli mənşəli soyadların yaradılması məsələsi təkcə Milli Məclis səviyyəsində müzakirə olunmamalıdır: "Dünyada yaşayan azərbaycanlılar 50 milyondur, yeni soyadları biz təkcə Azərbaycan miqyasında təklif edə birmərik. Bunun üçün geniş müzakirələr aparılmalı, dünya azərbaycanlı ziyalıları müzakirələrə cəlb olunmalıdır. Parlament səviyyəsində Mədəniyyət Komissiyası tərəfindən layihə hazırlandı, lakin bu layihədə problemlər çıxdı. Hazırda Azərbaycanda müəyyənləşmiş bir neçə ənənəvi soyad formatı var - -lı şəkilçisi ilə, şəkilçisiz və -zadə formatı. Biz ilk iki varianta üstünlük veririk. Amma bu sahədə demokratik şərait yaradılması, vətəndaşlara sərbəstlik verilməsi qərara alındı"-deyə Cəfərov bildirib.

Onun sözlərinə görə, soyadın tamamilə dəyişdirilməsi isə artıq hüquqi məsələdir.

Cəfərovun sözlərinə görə, daha çox yeni doğulmuş uşaqlara yeni formatlı soyadlar verilməsi asandır, nəinki yuxarı yaşda olan insanlara. Cəfərovun sözlərinə görə, parlament soyadların məcburi dəyişdirilməsinə qərar verə bilməz.

Xəbər lenti

Xəbər lenti