...

Milli Demokratik Qüvvələr Birliyi blokuna yeni partiyalar qoşulacaq

Siyasət Materials 25 İyun 2007 13:39 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ İki partiyanın təmsil olunduğu Milli Demokratik Qüvvələr Birliyi (MDQB) siyasi bloku yaxın zamanlarda genişlənəcək. Bu barədə MDQB-də təmsil olunan Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyev məlumat verib.

Hazırda MDQB-də BAXCP və Təkamül Partiyası təmsil olunur.

Həsənquliyevin sözlərinə görə, bu siyasi blokun tərkibinin genişlənməsi üçün hazırda dörd-beş partiya ilə danışıqlar aparılır. Bunlar əsasən müxalifətyönlü partiyalardır. MDBQ-yə qoşulmaq üçün danışıqlar aparılan partiyalardan artıq ilkin razılıq var.

Partiya rəhbərinin sözlərinə görə, bu siyasi blokun genişlənməsi qarşıdan gələn prezident seçkilərinə hesablanır. Belə ki, qurum sonradan seçki blokuna çevriləcək. Seçkilərdə hansı formada iştirak etmək, vahid namizəd və digər məsələlər isə hələ müzakirə olunacaq.

Həsənquliyevin rəhbərliyi ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) bir qrup üzvü 2001-ci ildə partiyadan ayrılaraq özlərinin "birləşdirici" qurultayını keçirib və AXCP adına iddialı olublar. 2004-cü ilə qədər AXCP-nin "birləşdirici" qanadı kimi tanınan partiya sonradan adında dəyişiklik edərək Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası adlanıb, 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Həsənquliyev Milli Məclisin deputatıdır.

Xəbər lenti

Xəbər lenti