Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) bazar ertəsi Azərbaycan Demokrat Partiyasının qərargahındakı müvəqqəti ofisini tərk edib. Bu barədə bazar ertəsi Bakıda AXCP sədrinin müavini Həsən Kərimov məlumat verib.
Onun sözlərinə görə, buna səbəb "Hürriyyət" qəzetində AXCP sədri Əli Kərimli haqqında son "əxlaqa zidd" yazıların dərc olunmasıdır.
"AXCP və ADP-nin yerləşdikləri bina "Hürriyyət" qəzetinə məxsusdur. Bu qəzetdə AXCP sədri haqqında dərc olunan xoşagəlməz məqalələr partiya üzvlərinin qəzəbinə səbəb olub. Arzuolunmaz qarşıdurmadan qaçmaq üçün bu binanı tərk etmək qərarına gəlinib", - deyə Kərimov qeyd edib.
Onun sözlərinə görə, yeni ofis tapılana qədər partiyanın rəhbər orqanlarının iclasları müxtəlif yerlərdə keçiriləcək: "Partiyanın rəhbər orqanlarının iclasları ayrı-ayrı mənzillərdə keçiriləcək. Qarşıdan yay məzuniyyəti gəlir və ona görə də əsas fəaliyyət payız aylarında başlayacaq. Bu müddət ərzində qərərgah axtarışını davam etdirəcəyik".
AXCP 1994-cü ildən etibarən "Azadlıq" qəzetinin şəhərin mərkəzindəki Xaqani 33 ünvanındakı redaksiyasında məskunlaşmışdı. 2006-cı ilin noyabrında Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi məhkəmənin qərarı əsasında Xaqani 33 ünvanındakı binanı "Azadlıq" qəzetindən geri alıb. Həmin dövrdən AXCP Azərbaycan Demokrat Partiyasının qərərgahında məskunlaşıb.
Qeyd edək ki, müxalifəti təmsil edən AXCP hazırda "Azadlıq" siyasi blokunun üzvü və həmtəsisçisidir. Partiyanın qurucusu və 2000-ci ilə qədər sədri Azərbaycanın eks-prezidenti, mərhum Əbülfəz Elçibəy olub. 2000-ci ildən indiyədək AXCP-yə keçmiş dövlət katibi, sabiq deputat Əli Kərimli sədrlik edir.