...

Gürcüstanda yaşayan bəzi azərbaycanlılar müsavatçı deputatların səfərinə etiraz edir

Siyasət Materials 25 İyun 2007 19:19 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Borçalı Milli Hərəkatı Milli Məclisdəki "Müsavat" deputat qrupunun Gürcüstana son səfərinə etirazını bildirir və belə səfərlərin təkrarlanmamasını tələb edir. Bu barədə Borçalı Milli Hərəkatının bazar ertəsi yaydığı bəyanatda məlumat verilir.

Qeyd edək ki, bir neçə gün bundan öncə Azərbaycan Milli Məclisinin Müsavat Partiyasından olan bir qrup deputatı Gürcüstana səfər edib.

Borçalı Milli Hərəkatının Mərkəzi Şurası adından yayılan bəyanatda deyilir ki, Gürcüstanda yaşayan azərbaycanlılar bu səfərin onların gündəlik həyatında hansısa dönüş yaradacağına ümidlər bəsləyirdilər: "Lakin soydaşlarmızın çətinlikləri, onların torpaq, su, işıq, qaz və digər problemləri ilə maraqlanmaq əvəzinə, bu deputatlar hansısa siyasi məqsədlər güdərək özlərinə sərf edən şəxslərlə görüşlər keçirib, yerli azərbaycanlıların qayğılarına laqeyd yanaşıblar. Artıq bu, müsavatçı deputatların xalqın maraqlarından deyil, öz şəxsi maraqlarından çıxış etmələrinin nümunəsi kimi qiymətləndirilir. Biz - Gürcüstanda yaşayan azərbaycalılar belə səmərəsiz səfərlərə öz etirazımızı bildirir və bu deputatların azərbaycanlılar yaşayan bölgərə səfərlərini yalnız yerli camaat arasında nifaq salmaq, iki ölkə arasında son zamanlar yaranmış ictimai-siyasi əlaqələrə zərbə vurmaq niyyəti kimi qiymətləndiririk"-deyə bəyanatda bildirilir.

Sonda qeyd edilir ki, bu insanların azərbaycanlılar yaşayan bölgələrə bu cür səfərləri bir daha təkrar olunacağı təqdirdə azərbaycanlılar Tbilisinin mərkəzi küçələrində etiraz aksiyaları keçirəcəklər.

Bundan əvvəl müsavatçı deputatların səfərləri ilə bağlı Gürcüstan Azərbaycanlıları Milli Assambleyası da etiraz bəyanatı yayıb.

Səfərdə olmuş müsavatçı deputat Nəsib Nəsibli bu ittihamlara münasibətini açıqlayıb, səfərdə siyasi məqsəd güdülməsi barədə deyilənləri təkzib edib: "Biz Gürcüstana orada yaşayan azərbycanlıların problemlərini öyrənmək üçün getmişik. Orada səkkiz görüş keçirmişik, kənd camaatı ilə söhbətlər aparmışıq. Səfərin təfərrüatları barədə mətbuat konfransında açıqlama verəcəyik".

Xəbər lenti

Xəbər lenti