Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Türkiyədə yenidən iqtidara gələn Ədalət və İnkişaf Partiyası (AKP) ölkədə demokratiyanın, insan haqlarının, azad inancların təminatçısı olacaq. Bu barədə hakim partiya sıralarından növbəti dəfə Türkiyə parlamentinə seçilmiş Sadiq Yaqut Trend ə müsahibəsində açıqlama verib.
Son seçkilərə qədər Türkiyə Böyük Millət Məclisinin sədr müavini olmuş millət vəkili Yaqut bildirib ki, 2002-ci il seçkilərində ümumi səslərin 34 faizini qazanan AKP bu dəfə 47 faiz səs yığdı. Onun sözlərinə görə, türk xalqı əvvəlki hakimiyyətlərlə, ölkənin əvvəlki vəziyyəti ilə indiki dövrü müqayisə edib. Seçim qarşısında qalan xalq AKP-nin siyasəti nəticəsində Türkiyədə demokratiya, insan haqları, iqtisadiyyat və digər sahələrdə baş verən inkişafa, ölkədə sivil dəyişikliklərə üstünlük verib.
"İnsanlar artıq dalaşqan, hay-küylü siyasəti istəmirlər. Qiymətlərin aşağı salınmasını, yolların çəkilməsini, həyat tərzinin yüksəlməsini, insan azadlıqlarının olmasını istəyən xalq bizim yanımızda oldu. Yəni, hay-küyçülərlə demokratların mübarizəsində demokratlar qalib gəldi. Çünki xalqın seçimi onlar oldu" - deyə Yaqut vurğulayıb.
Qeyd edək ki, AKP-nin ünvanına səslənən iradlar və xalqın əsas etirazı bu partiyanın Şimali Kipr Türk Cümhuriyyəti və Şimali İraqla bağlı yürütdüyü siyasətlə bağlıdır. Xalqın bir qismi, həmçinin ekspertlər Türkiyə üçün mühim olan bu iki sahəyə dair AKP-nin düzgün siyasət yeritmədiyini düşünürlər.
Bu tənqidlərə münasibətini açıqlayan millət vəkili deyib ki, tam əksinə, AKP hakimiyyətə gəldikdən sonra Şimali Kipr üçün bir sıra maneələr dəf edildi: "Məsələn, Azərbaycan heyəti Şimali Kiprə ilk dəfə olaraq AKP-nin hakimiyyəti dövründə gəldi. AKP-nin hakimiyyəti dövründə Şimali Kipr Türk Cümhuriyyəti İslam Konfransı Təşkilatında təmsil olundu. Həmçinin Şimali Kiprin məhkəmələrinin qərarları Avropa İnsan Haqları Məhkəməsində tanındı. AKP-nin iqtidar olduğu dönəmdə Şimali Kiprdə adambaşına düşən illik gəlir son illərdə altı min dollar artaraq 11 min dollara çatdı" - deyə millət vəkili açıqlama verib.
O, əlavə edib ki, AKP-nin dini təmayüllü, mühafizəkar partiya kimi qiymətləndirərək bunun Türkiyə üçün təhlükəli olacağını ehtimal edənlər də əbəs yerə narahatdırlar. Çünki AKP dini inanclara, insan azadlıqlarına hörmətlə yanaşır və insanlara sərbəstlik verir: "AKP cümhuriyyətin, demokratiyanın, insan azadlıqlarının, inancların təminatçısıdır. AKP hər kəsin partiyasıdır".
Yaqut AKP-nin yenidən hakimiyyətə gəlməsinin Türkiyə ordusu ilə problemlər yaradacağı ehtimalına da münasibətini bildirib. O, bu fikirləri təkzib edərək belə ehtimalların real olmadığını deyib. Millət vəkili AKP-nin bütün dövlət qurumları ilə normal, sivil münasibətlər qurduğunu bildirib.