Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə / Almaniya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağı Azərbaycan ərazisinin tərkib hissəsi kimi tanıyır. Bu barədə bazar ertəsi Azərbaycana dörd günlük səfərə gələn Almaniya Bundestaqının nümayəndə heyətinin üzvü, Bundestaqda Xristian Demokrat İttifaqı fraksiyasının sədr müavini Anderis Şoppinhof bildirib.
"Biz bu məsələdə Azərbaycanın haqlı mövqeyini dəstəkləyirik" - deyə almaniyalı deputat əlavə edib.
Onun fikrincə, münaqişənin müharibə yolu ilə həll olunması insanların marağında ola bilməz: "Dağlıq Qarabağ münaqişəsi insanların marağında olan sülh yolu ilə həll olunmalıdır. Çünki müharibə yeni problemlərin yaranmasına səbəb olacaq".
Almaniya Bundestaqı üzvlərinin Azərbaycan tərəfinin razılığı olmadan Dağlıq Qarabağa səfər etmələrinə toxunan Şoppinhof deyib ki, belə hallar fərdi xarakter daşıyır və rəsmi Berlinin münaqişəyə yanaşmasında həyata keçirdiyi siyasətinə heç bir təsir göstərə bilməz: "Biz öz mövqeyimizdə qalırıq ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir. Almaniya Bundestaqının rəsmi nümayəndə heyəti Dağlıq Qarabağa səfər edə bilməz".
Nümayəndə heyətinin tərkibinə Almaniya Bundestaqının deputatları - doktor Andreas Şohhenxof, Tomas Barays, Aksel Fişer, Eduard Lintner və Otto Hayzer daxildir.