...

Azərbaycanda 120 mindən artıq birinci sinif şagirdi məktəbə gedib(video)

Cəmiyyət Materials 15 Sentyabr 2007 12:47 (UTC +04:00)
Azərbaycanda 120 mindən artıq birinci sinif şagirdi məktəbə gedib(video)

Azərbaycan, Bakı / Trend / Azərbaycanda Bilik günündə, sentyabrın 15-də 120 309 birinci sinif şagirdi məktəbə gedib. Azərbaycan Təhsil Nazirliyindən şənbə günü verilən məlumata görə, birinci sinif şagirdlərinin 1564-ü Bakı Təhsil İdarəsinin tabeliyində olan lisey və gimnaziyaların şagirdləridir.

2007-2008-ci tədris ili ərzində məktəblər ümumilikdə 1,5 mln. 1-11-ci sinif şagirdi qəbul edəcək. "Bu tədris ilinin əvvəlinə qədər Azərbaycan məktəblərinə 5 mln. dərslik verilib" - deyə cümə günü Azərbaycanın təhsil naziri Misir Mərdanov bildirib.

"Bütün dərsliklər nazirlik tərəfindən qəbul olunan yeni tədris proqramına uyğundur. 155 adda dərs vəsaitləri çap olunub və məktəblərə pulsuz olaraq verilib" - deyə nazir bildirib.

2007-ci ilin sonuna qədər dövlət hesabına Azərbaycanda 200 yeni məktəb tikiləcək. Bundan əlavə, 50 məktəbdə əsaslı təmir başa çatacaq, 250 təhsil müəssisəsində isə istilik sistemi təmir olunacaq.

İnformasiya-kommunikasiya texnologiyaları sahəsində vəziyyəti yaxşılaşdırmaq məqsədilə ilin sonuna qədər bütün respublika üzrə 3693 məktəbə 31677 kompüter, 1103 məktəbə isə proyektor və noutbuklar veriləcək.

Xəbər lenti

Xəbər lenti